Şəhid İsa Məmmədovun anasına övladının sağ olduğunu deyib aldadaraq pullarını mənimsəyən şəxslərlə bağlı istintaq yekunlaşıb.

Şəhid anası Rəna Məmmədova “Qafqazinfo”ya müraciət edərək araşdırmanın gedişatından narazı olduğunu bildirib. O, hazırda məhkəmə araşdırmasında olan işin yenidən istintaqa qaytarılmasını istəyib.

Qeyd edək ki, dəfn edilməsinə baxmayaraq, anası övladının bəlkə də dünyasını dəyişmədiyi xəyalına qapılaraq falçıya müraciət edib. Falçı İ.Məmmədovun ölmədiyini, Ermənistanda əsirlikdə olduğunu bildirib. Sonradan falçının oğlu İxtiyar Orucov və şəhidin yaxın qohumu Balaxan Hüseynlinin ünsiyyətləri yaranıb və onlar əlbir olaraq şəhidin ailə üzvlərinə dövlət tərəfindən ayrılan pulu, eləcə də onların əlində olan əlavə maddi vəsaitləri dələduzluq yolu ilə ələ keçiriblər. Belə ki, onlar şəhidin fotolarını montaj edərək sağ olmasını əks etdirən şəkillər hazırlayıblar. Hətta qrimlə Balaxan Hüseynlinin şəhidə bənzədilməsinə nail olublar. Onlar şəhidi Gürcüstan vasitəsilə Azərbaycana gətirəcəklərini vəd edərək R.Məmmədovadan 26 800 manat alıblar.

Faktla bağlı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində istintaq aparılıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

R.Məmmədova işin istintaq mərhələsinə qaytarılaraq yeni şəxslərin məsuliyyətə cəlb olunmasını istəyir: “Övladımın ölüm xəbəri ana kimi məni bərk sarsıtdı, psixoloji zərbə aldım. Oğlumun sağ qaldığına inamımı artırmaq üçün falçılara üz tutdum. Şüvəlanda falçı kimi tanınan Elmira Orucovanın yanına getdim. O, oğlumun şəklinə baxaraq məni inandırdı ki, İsa sağdır və dəfn olunan şəhid başqasıdır. Dedi ki, oğlum Ermənistanda saxlanılır. Ona təcili kömək lazım olduğunu bildirdi. Bu söhbətdə Elmiranın oğlu İxtiyar da iştirak edirdi. İxtiyar dedi ki, Gürcüstandakı dostları vasitəsilə Ermənistanla əlaqə qurmaq imkanları var. 1-2 gün sonra E.Orucova zəng etdi ki, oğlunun Gürcüstana getməsi üçün 2000 manat aliment borcunu ödəmək lazımdır.

Fotoda: Şəhid anası Rəna Məmmədova

İxtiyar qohumumuz Balaxandan da istifadə edib onu inandırıb. Təəssüf ki, istintaq E.Orucovanın hərəkətlərinə düzgün hüquqi qiymət verməyib. O, məsuliyyətdən kənarda saxlanılıb. Bundan sonra İ.Orucov İsanın sağ olduğunu göstərmək üçün bacısı oğlu Boz Süleymanı bu işə cəlb edib. Süleyman fotoşop proqramları ilə şəhidin şəklini başqasının şəkli ilə saxtalaşdırmaqla, guya müalicə olunduğu görüntüsü yaradıb. Ümumilikdə 29 800 manat pulumuzu mənimsəyiblər. Cinayətin törədilməsində “qrim ustası”nın köməyindən də istifadə olunub. Məhkəmə baxışı dayandırılmalı və iş ibtidai araşdırmaya göndərilməlidir”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət etdik. Qurumun Mətbuat Xidmətinin əməkdaşı, mayor Anar Qafarov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, istintaq hərtərəfli aparılıb: “Bütün şəhid analarına olduğu kimi, Rəna anaya da böyük hörmətimiz var. Şəhid analarına hörmət etmək bizim müqəddəs borcumuzdur. Qeyd edilən hadisəyə gəlincə, həmin faktla bağlı istintaq hərtərəfli aparılıb. İstintaq müddətində zərərçəkənlərə dəyən maddi ziyan tam ödətdirilib. Həmçinin Elmira Orucova və Boz Süleyman barəsində istintaqa hər hansı şikayət daxil olmayıb. Bundan başqa istintaq zamanı Elmira Orucovanın ifadəsi alınıb və məhkəməyə göndərilən işdə şahid kimi dindirilməsi üçün siyahıya əlavə edilib. Zərərçəkənin və iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunan İxtiyar Orucov, eləcə də Balaxan Hüseynlinin izahatları və ifadələri alınıb. İstintaq yekunlaşıb, iş baxılması üçün məhkəməyə göndərilib”.

Paylaş