“Sahil-S İnşaat” Mənzil Tikinti Kooperativinin vəzifəli şəxsləri barəsində başlanmış cinayət işinin istintaqı davam etdirilir.

Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına əsasən, “Sahil-S İnşaat” Mənzil Tikinti Kooperativinin sədri Alaverdiyev Taley Şamil oğlunun digərləri ilə əlbir olaraq MTK-nın paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “A-B” massivində inşa etdiyi yaşayış binasında eyni mənzili bir neçə şəxsə satmalarına dair vətəndaşlardan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət daxil olub.

Müraciətlər əsasında Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə zərər çəkmiş şəxslərin dindirilməsi, cinayəti törətmiş bütün təqsirkar şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətlərinin həyata keçirilməsi davam etdirilir. Baş Prokurorluq “Sahil-S İnşaat” MTK-nın vəzifəli şəxslərinin qanunsuz əməlləri nəticəsində zərər çəkmiş şəxslərə müraciət edərək, 961 nömrəli Çağrı Mərkəzi, 161 nömrəli “Qaynar xətt” əlaqə mərkəzi, o cümlədən Baş Prokurorluğun sosial şəbəkələrdəki səhifələri vasitəsilə dərhal məlumat verilməsini xahiş edir.

Qeyd edək ki, ölkəmizdə bu cinayət əməli dəfələrlə baş verib ki, nəticədə vətəndaşlar maddi və mənəvi zərərə uğrayıblar. Belə ki, vətəndaşlar həm xeyli məbləğdə vəsait ödəmələrinə baxmayaraq, nəticədə mənzil sahibi ola bilməyiblər, həm də illərlə həmin mənzili gözləməli olurlar. Korrupsiya.az xəbər verir ki, bu sahədə mövcud problemlərlə bağlı Cebhe.info-nun müsahibi hüquuqşunas Əsabəli Mustafayevdir:

-Bir neçə il öncə tikinti şirkətlərinin vətəndaşları aldatması ilə bağlı çoxsaylı cinayət əməlləri baş versə də,son zamanlar bir qədər səngimə müşahidə edilirdi. Son günlər yenə belə faktların olduğu bildirilir. Belə hadisələrin qarşısının tamamilə alınması mümkündürmü?

– Bu istiqamətdə törədilən hərəkətlər Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən dələduzluq əməlləridir və etibardan sui-istifadə edərək törədilib. Əvvəllər belə hərəkətlər dələduzluq, mənimsəmə maddələri ilə cəzalandırılırdı. Bir neçə il bundan qabaq tikinti aparan şirkətlər bir neçə qrupa bölünürdü. Bu sahədə hökmranlıq edən bir qrup tikinti şirkəti var ki, başlarında da ölkədə tanınmış insanlar dayanır. Onlar tikinti üçün razılığı alıb digər, daha kiçik tikinti şirkətlərinə verirdilər. Həbs edilənlər də həmin kiçik şirkətlərin rəhbəri idi. Baxmayaraq ki, böyük şirkətlərlə əlbir tikmişdilər. İri şirkətlərin rəhbərlərinə toxunulmamışdı. Ona görə də bu ehtimal qalırdı ki, gələcəkdə belə hadisələr baş verə bilər. Buna görə də müəyyən qaydalar, normativ aktlar işlənib hazırlandı.

– Bir vaxtlar binalar tikildikdən sonra satışa çıxarılırdı. Son illər isə bu sahədə dəyişikliklər müşahidə edildi. Yəni tikinti davam edərkən mənzilin satışı başlayır. Bu proses də alıcının aldadılmasına səbəb ola bilərmi?

– Tikinti şirkəti boş torpağı alıbsa, heç fundamentini qoymadan satmağa başlayır. Bu, əvvəllər daha çox yayılmışdı. Yaxud 1-ci, 2-ci mərtəbəsini tikib, tikintisi getdiyi halda artıq 9-10-cu mərtəbədə olan mənzilləri satırdı. Vətəndaşlar da gəlib pulunu ödəyirdi, mənzili də görmürdü. Pulu ödədikdən bir neçə il sonra məlum olurdu ki, tikinti başa çatıb, ancaq mənzillər digərlərinə satılıb. İndi tətbiq edilən normalara görə tikintini həmin tikinti idarəsi öz maliyyə hesabına başlamalıdır. Yəni vətəndaşlardan yığılan pul hesabına deyil. İndi gedib kredit götürməli, haradansa pul tapmalı və tikintini başlamalıdır. Ancaq tikilmiş mərtəbəni satmaq icazəsi var. Sahibkar, məsələn, 1-ci mərtəbəni tikibsə, hazırdırsa, ancaq onu sata bilər. Beləliklə, mənzili hissəylə, eyni zamanda ancaq notarius vasitəsilə sata bilər. Vətəndaş notariusa getməli, müqavilə bağlanmalıdır, hər tikinti dövrü üçün öz faizi var.

-Yəni alıcı neçə faiz ödəməlidir?

-Məsələn, 1-ci mərtəbə başlanılıbsa, ola bilər 20 faiz, yaxud 7-8-ci mərtəbə tikilirsə, bu, 40-60 faiz ola bilər. Bu kimi limitlər var. Yəni sahibkara qadağan olunub ki, ümumi pulu dərhal alsın. Ancaq hissə-hissə ala bilər. Çox təəssüf ki, bu normalara riayət olunmasına nəzarət yoxdur. Yenə də həmin sahibkarlar istədikləri kimi, fundamenti qoyulmamış evləri satırlar.

Notariusda satılanda artıq o sistemə düşür ki, filan binada, tikinti idarəsi hansı mənzili tikib və o mənzil də satılıb. Bu, artıq sistemə düşür. Həmin mənzil üçün ikinci satış ola bilməz. Çünki artıq sistem ona icazə verməyəcək. Ancaq sahibkarlar buna riayət eləmirlər. Müvafiq dövlət orqanları da buna nəzarət etmir. Ona görə də belə dələduzluq hallarının sayının artması gözləniləndir.

-Həmin çıxarışlar Dövlət Reyestri Xidməti tərəfindən verildiyi təqdirdə necə olur ki, bir mənzili neçə nəfər əldə edə bilir?

-Bəli, sistemə yerləşdiriləndən sonra baxmayaraq ki, bina hələ yarımçıqdır, onlara həmin binadan belə bir mənzil alması haqda çıxarış verilir. Burada vətəndaşları da qınamaq lazımdır. Ola bilsin ki, bu, hüququ, qaydaları bilməməkdən qaynaqlanır. Yəni gedib pulu sahibkara verirlər. Əslində sahibkara pul verməməlidirlər. Onlar tələb eləməlidirlər ki, notarius vasitəsilə bu rəsmiləşdirilsin, depozitinə yerləşdirilsin. İnsanlarda məlumatsızlıq var. Yaxşı olardı ki, KİV də vətəndaşları bu barədə maarifləndirsin. Çünki kütləvi aldatma, dələduzluq olur. Vətəndaşlar 100 minlərlə manat zərərə düşür. Bunun qarşısını almaq üçün insanları məlumatlandırmaq lazımdır ki, gedib hansısa MTK-ya, tikinti müəssisəsinə pul ödəməsinlər, çünki sizi aldadacaqlar. Əhalini xəbərdar eləmək lazımdır.

Reyestrdən çıxarış bir neçə şəxsin adına verilə bilməz. Bu proses belə ola bilər ki, bina hazırdır və mənzilin nömrələri fərqli olur. Məsələn, binanı tikən şəxs hər hansı mənzilə bir nömrə qoyur. Sonra başqa nömrə qoyur və həmin mənzili fərqli nömrə ilə başqa adama satır. Həmin şəxs də gedib reyestrdən çıxarış alır. Sonra gəlib görür ki, eyni mənzildir. Bu, tikinti şirkətinin dələduzluğudur. Fikrimcə, Reyestr Xidmətinin bunu yoxlamağa texniki imkanı yoxdur. Sistem imkan verməməlidir ki, bir mənzilə iki vətəndaşın adına çıxarış verilsin. Bu,texniki baxımdan mümkün olmamaldır

Paylaş