Korrupsiya.az yenisabah.az-a istinadən məlumat verir ki, Azərbaycanda böyük gəlirlərə malik deyilsənsə, ev sahibi olmağın çox çətindir. Çünki evlərin qiyməti bahadır. Eyni zamanda inşaat materialları bahadır. Başqa bir tərəfdən ev tikmək üçün torpaq sahələrinin qiyməti bahadır. Mənzillərin qiyməti maya dəyərindən çox yüksəkdir. Həyət evi tikən zaman rüşvət tələb edən məmurların sayı çoxdur.

Qısa desək, həm mənzil alanda, həm də ev tikəndə iki evin pulunu xərcləyirsən, amma sonda bir evə sahib ola bilirsən.

Mövzunu gündəmə MİDA-nın sosial vəziyyəti aşağı olan vətəndaşlar üçün nəzərdə tutulan mənzilləri yarıtmaz satış prosesi gətirdi. Dövlət gəliri az olan ailələr üçün büdcə hesabına mənzillər tikib onlara uzunmüddətli və aylıq ödənişi az olan şərtlərlə layihə həyata keçirir. Baxmayaraq ki, bu şərtlər belə imkansız ailələrin büdcəsinə o qədər də uyğun deyil. Bununla bərabər yenə də o təbəqənin içərisindən müəyyən hissə mənzil problemini bu yolla həll edə bilərdi…

“Həll edə bilərdi” yazıram, yəni keçmiş zamanda. Çünki görünən odur ki, bu mənzilləri də sosial vəziyyəti aşağı olanlar deyil imkanlı şəxslər qamarlayır. Biznes üçün, ucuz alıb baha satmaq üçün, pulunun üstünə pul gətirmək üçün. Dünən “Yeni Sabah”da təqdim etdiyimiz yazıda bu aşkar görünür. Maklerlər təkcə mart ayında MİDA-nın Yasamal layihəsində 20-yə yaxın mənzili satışa çıxarıblar. Bu cavabdeh olan dövlət qurumu üçün biabırçılıq, həmin evləri ucuz alıb baha satan, imkansızların haqqına girənlər üçün isə vicdansızlıqdır.

Bizdə qamarlamaq təfəkkürü altşüurumuza elə oturuşub ki, başqa bütün dəyərləri itirmişik. Məmurlar qamarlayır, banklar qamarlayır, həkim qamarlayır, müəllim qamarlayır, jurnalist qamarlayır… Bircə fürsət lazımdır bu istedadı nümayiş etdirmək üçün. İçimizdə bəlkə də bu “ilahi vergiyə” sahib olmayan az adam tapılar. Sadəcə, qamarlamaq imkanı olanlar və olmayanlar var. Bu imkandan məhrum olanlar bu imkana sahib olanların yerini tutmaq üçün nələrdən keçməzdilər…

Bu, ailədənmi gəlir, təhsildənmi gəlir, bilmirəm. Bəlkə də idarəçilik problemidir, kadrların düzgün seçilməməsidir. Amma başqa seçim də yoxdur axı. Ayrı xalqdan kimisə gətirib hansısa nazirliyə və ya rayonun rəhbərliyinə qoyası deyilik ki?!

Dövlət istedadlı adamı orta məktəbdən himayəsinə götürür, ona yüksək təhsil verir, Avropada, Amerikada peşəkar bir ixtisasa yiyələndirir və elə ki gətirib ölkədə orta səviyyəli bir vəzifəyə təyin edir, vəssalam. Bununla da illərlə çəkilən zəhmət tüstü olur. Adam korlanır. Başlayır qamarlamağa, rüşvət tələb etməyə.

Bütün bunların insanların evsiz qalmasına nə qədər aidiyyatı var, sizcə? Məncə var. Bizdə təfəkkür problemi ümumilli bəlaya çevirilir. Həyat təkcə yaşam savaşı deyil, həm də yaşatmaq savaşıdır. Təkcə özünü düşünmək deyil, həm də ətrafını, kəndini, rayonunu və sonucda ölkəni və dünyanı düşünməkdir.

Evsizlik isə həyatı qoltuq altında yaşamaqdır. Özgüvənsizlikdir. Ailənin, uşaqların gözünə dik baxa bilməməkdir.

Təsəvvür edin, imkanı az olan bir adam uzun illər kirayədə yaşayandan sonra şəhərin ən ucqar yerində cəmi 1.5 sot torpaq alır ki, özü üçün koma tiksin və qaydaları bildiyi üçün öncədən İcra Hakimiyyətinin haqq-hesabını verir: Polis gəlir, Azərsu gəlir, Azərişıq gəlir, Azəriqaz gəlir, bələdiyyə gəlir…

Tərs kimi elə bu ərəfədə rayonun icra başçısı dəyişir. Qəttəzə başçı da gəlir və ikinci “kruq” başlayır.

Paylaş