Özünü nüfuzlu şəxs kimi təqdim edib vətəndaşların pullarını mənimsəyən şəxsin həbs müddəti azaldılıb.
Korrupsiya.az məlumatına görə, Bakı Apellyasiya Məhkəməsi Elşən Sarızadənin cəzasını 2 il 6 aya endirib.
Belə ki, o, əvvəlcə özünü Qazaxın icra başçısının bacısı oğlu kimi təqdim edərək vətəndaşı aldadıb. Tanışını MİDA-nın Yasamal rayonunda tikdiyi binalardan üçotaqlı mənzil almaqda köməklik edəcəyinə inandırıb. Bunun qarşılığında isə 4233 manat alıb.
İkinci epizod üzrə o, özünü nüfuzlu şəxs kimi təqdim etməklə daha bir nəfərə Cənubi Koreyadan avtomobil gətizdirə biləcəyinə dair yalan vəd verib. Əvəzində isə 5 min manata yaxın pul alıb.
E.Sarızadənin üçüncü dələduzluq əməli tələbə vəsiqəsi düzəltməklə bağlı olub. O, yaxın əlaqələrindən istifadə edib Nofəl Qasımova tələbə vəsiqəsinin alınmasında köməklik edəcəyinə dair vəd verib. Ovaxtkı TQDK-nın köhnə inzibati binasının qarşısında görüşərək ondan 900 manat pul alıb.
Elşən Sarızadə dələduzluq əməllərinə görə, Nərimanov Rayon Məhkəməsi tərəfindən 3 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun vurduğu ziyanın bir qismini ödəməsini nəzərə alaraq cəza müddətini 2 il 6 aya endirib