Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək. Dia.az xəbər verir ki, cebhe.info-ya bunu Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.

Komissiya üzvü qeyd edib ki, məhkumlar, onların nümayəndələri, vəkilləri tərəfindən daxil olan müraciətlərə, eyni zamanda ombudsman, yerli QHT-lər, deputatlar tərəfindən daxil olan vəsatətlərə baxılacaq və müvafiq rəylər qəbul edilərək ölkə başçısına təqdim olunacaq.

Komissiyanın iclaslarının 28 May Müstəqillik Günü münasibəti ilə nəzərdə tutulan əfvlə bağlı keçiriləcəyi bildirilir.

Əfv sərəncamının veriləcəyi xəbəri məhkum yaxınlarının ümidlənməsinə, sevinməsinə səbəb olur. Xüsusilə, ömürlük həbs cəzası alanlar üçün hər əfv xəbəri bir ümid deməkdir.

Maraqlıdır, mayda gözlənilən əfv sərəncamı ilə kimlər bağışlana bilər?

Hüquq müdafiəçisi Novella Cəfəroğlu Cebhe.info-ya Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasına müraciət etdiklərini bildirib:

“Biz öz siyahımızı vermişik. Ümidimiz var ki, həmin siyahıda olanlardan çoxu əfv olunacaq. Həmin siyahıda ömürlük həbs cəzası alan məhkumlar da var. Avropa Şurasının siyahısını biz tanımırıq, öz siyahımızla müraciət eləmişik”.

Paylaş