Azərbaycana gələn turistlərin böyük qismi Bakı şəhərinə üstünlük verir. Regionlar turizm imkanları baxımından hələlik paytaxt ilə rəqabət apara bilmirlər.
Korrupsiya.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Deputat bildirib ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin birincü rübündə ölkəmizə gələn turistlərin 70,8 faizi Bakıda, 12,4 faizi Qusarda, 5,8 faizi Qəbələdə, 3,5 faizi Naftalanda, 2,9 faizi Qubada, 1,5 faizi Şabranda,1,0 faizi Naxçıvan Muxtar Respublikasında, 2,1 faizi isə digər şəhər və rayonlardakı hotellərdə qalıblar.
“Bu isə o deməkdir ki, orta hesabla Azərbaycana gələn hər 100 turistdən 70-si Bakıdan kənara çıxmır. Göründüyü kimi, turistlərin rayonlara marağının artırılması üçün sistemli tədbirlərin genişlənməsinə, stimullaşdırıcı kampaniyaların təşkilinə ehtiyac var. 2022-ci ilin ilk rübündə ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 45,3 faiz artaraq 435,3 min olub. Gecələmələrin 48,5 faizi Bakıda, 10,8 faizi Qusarda, 8,0 faizi Qubada, 7,6 faizi Qəbələdə, 6,1 faizi Şabranda, 3,4 faizi Naftalanda, 3,1 faizi Lənkəranda, 2,3 faizi Naxçıvan Muxtar Respublikasında, 1,2 faizi Şamaxıda, 1,1 faizi Mingəçevirdə və 7,9 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb. Statistika göstərir ki, 2022-ci ilin ilk aylarında turizm sektorunda canlama bərpa edilib. Eyni zamanda, Azərbaycan vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,9 faiz artaraq 263,3 min olub. Bu da ümumi gecələmələrin 60,5 faizini təşkil edir”.