Kredit faizlərinin aşağı salınması uzun müddətdir müzakirə olunan məsələlərdən biridir”.

Bunu Korrupsiya.az a açıqlamasında iqtisadçı deputat Vüqar Bayramov deyib Onun sözlərinə görə, istehlak kreditlərinin faizləri daha yüksəkdir:

“Bir sıra hallarda istehlak kreditləri illik 25-26 faizlə təklif olunur. Bu isə kredit götürən şəxsin ödəmə qabiliyyətinə, eyni zamanda onun gəlirlərinə təsir göstərir. Həmin şəxsin xərcləri artır və nəticədə ailə büdcəsinə təsir göstərən faktorlardan birinə çevrilir. Həm biznes, həm də istehlak kreditlərinin aşağı faizlə təklif edilməsi çox vacibdir. Biznes kreditlərinin faizi yüksək olduğu üçün istehsal olunan məhsulların xərci artır və yüksək qiymətlə bazara çıxarılır. İstehlak kreditləri ilə yanaşı biznes kreditlərinin faizinin də tənzimlənməsi vacib şərtlərdəndir. Azərbaycanda depozitlər üzrə faizlər yüksəkdir. Bunun yüksək olması da kredit faizlərinə təsir göstərən faktorlardan biridir. Monitorinqlər göstərir ki, bunun əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. Kredit faizlərinin aşağı salınması üçün bank sektorunda rəqabətin güclənməsi, bu sektorda konservativ siyasətdən mərhələli şəkildə liberal siyasətə keçidin təmin olunmasına ehtiyac var. Bir sıra xarici kapitalın bank sektoruna gəlməsi kredit faizlərinə təsir göstərə bilər. Rəqabətin güclənməsi, kredit faizlərinin aşağı salınması üçün baza formalaşdıra bilər”.

Deputat qeyd edib ki, Mərkəzi Bank tərəfindən depozit və kredit faizləri arasında müəyyən asılılığın tövsiyə olunması mümkündür:

“Burada söhbət inzibati müdaxilədən getmir. Depozitlər kreditlərin verilməsi üçün əsas maliyyə mənbələrindən biridir. Bunlar arasından müəyyən balansın formalaşdırılmasına ehtiyac var ki, kreditlər yüksək faizlə təklif olunmasın. Diqqət çəkən məqam ondan ibarətdir ki, kredit faizləri Bakıya nisbətən regionlarda daha yüksəkdir. Bank sektorunda rəqabətin güclənməsinə xidmət edən islahatların genişləndirilməsi kredit faizlərinin aşağı düşməsinə gətirib çıxara bilər”.

Paylaş