Ali Məhkəmədə “Mars-M” firmasının rəhbəri, Texniki Universitetinin prorektoru Bəşir Bəşirovun oğlu Mərhəmət Bəşirovun barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.

araz.az  Pravda.az-a istinadən bildirir ki,  hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, hökm və ya qərar dəyişdirilmədən, kassasiya şikayəti və ya kassasiya protesti isə təmin edilmədən saxlanılıb.

Qeyd: Mərhəmət Bəşirov bir zamanlar keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun ən sadiq adamlarından biri, hazırda “İnterpol” xətti ilə axtarışda olan “Akula Akif” ləqəbli Akif Mustafayevin şəriki idi.

Onun barəsində Cinayət Məcəlləsinin 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 178.3.2-ci (dələduzluq) və 195.2-ci (Sosial müavinətlər haqqında qanunvericiliyin pozulması) maddələri ilə təqsirli bilinib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Mərhəmət Bəşirov 11 il müddətinə azadlıqdan məhrum edilib. Mətbuatda yayılan məlumata görə, “Mars-M” firmasının sahibi olan Mərhəmət Bəşirov uzun illər bizneslə məşğul olub. Onun həbsinin kökü “MTN işi”nə bağlanır. Eldar Mahmudovun vəzifədən azad edilməsindən sonra bu firma ətrafında da qalmaqallı proseslər başladı.

Eldar Mahmudovun ən sadiq adamlarından biri, hazırda “İnterpol” xətti ilə axtarışda olan “Akula Akif” ləqəbli Akif Mustafayevin “Mars-M” şirkətinə qarşı iddiası ilə məhkəmə çəkişmələri başladı. Akif Mustafayevin “Mars-M” firmasına qarşı iddiası təmin edilmişdi.

Fransada gizləndiyi ehtimal olunan Akif Mustafayev özünü iş adamı kimi tanıtsa da, əslində onun əsas vəzifəsi imkanlı iş adamları haqda MTN-dəki mütəşəkkil qruplaşmaya dosye toplayıb, çatdırmaqdan ibarət olub.

Akif Mustafayevin sxeminə əsasən, MTN həmin iş adamları barədə dosyeləri aldıqdan sonra onları izləyib və həbs edirdi. Bu zaman “Akula” MTN-dəki mütəşəkkil qruplaşmanın qarmağına düşmüş iş adamına öz xidmətlərini təklif edir və onlardan iri məbləğlərdə pulun alınıb Eldar Mahmudova çatdırılmasını, beləliklə, girovun “xilas edilməsini” həyata keçirirmiş.

Lakin proses bununla da yekunlaşmırdı. “Akula” MTN-dən “xilas etdiyi” iş adamlarının biznesinə gələcəkdə bu kimi problemlərdən sığortalanmaq üçün “krışalıq” edir və onların biznesinə 25-30 faiz payla şərik olurmuş. Onun “Mars-M” şirkətində 25 faizlik paya hansı şərtlər daxilində sahib olduğu bilinmir. Belə məlumatlar var ki, Akif Mustafayev “Mars-M” şirkətinin təsisçiləri olan Bəşirov qardaşlarının qaynıdır. Hazırda qardaşlardan Mərhəmət Bəşirov həbsdədir. Arif Bəşirov isə dünyasını dəyişib. Akif Mustafayevin adından Səbayel Məhkəməsinə sübut kimi təqdim edilən, onun “Mars-M” şirkətinin 25 faizlik payını almasına dair kağızda isə Arif Bəşirovun adı var. Həmin kağıza görə Arif Bəşirov şirkətin 25 faizini Akif Mustafayevə 7 milyon 500 min dollara satıb.

Mərhəmət Bəşirovu həbsə aparan məsələ haqda da maraqlı məlumatlar var.

“Mars-M” şirkətinin Bakının Səməd Vurğun küçəsi, 120 ünvanında inşa etdiyi “Yasmin” biznes mərkəzi bu gün də məhkəmələrdə mübahisə obyektidir. Belə ki, bina inşa olunandan sonra Mərhəmət Bəşirov oradakı mağazaları 22 nəfər iş adamından ümumilikdə 17 milyon dollar almaqla onlara satıb. İş adamları orada mağazaları özlərinin bizneslərinə uyğunlaşdırıb işə başlayandan bir qədər sonra məlum olub ki, Mərhəmət Bəşirov ümumilikdə ticarət mərkəzini “Xalqbank”a girov qoymaqla külli miqdarda pul götürüb və pulu banka qaytarmayıb. Bank məhkəməyə müraciət etməklə kreditin təminatı olan ticarət mərkəzinin satılmasını və əldə olunan vəsaitin kredit məbləği ilə əvəzləşdirilməsini istəyib.

Məhkəmə iddianı təmin edib. İş adamları da Mərhəmət Bəşirovdan şikayətçi olub./araz.az/

Kamal MƏMMƏDLİ.

Paylaş