Vətən müharibəsi şəhidi İsabala Hüseynovun atası Ceyhun Hüseynov Suraxanı Rayon İcra Hakimiyyətindən şikayətçidir.
Ceyhun Hüseynov Korrupsiya.az a müraciətində bildirib ki, onun Qaraçuxur qəsəbəsi ərazisində “butka” yerləşdirib alver etməsinə mane olunub:
“Oğlum şəhid olana qədər güzəranımız normal idi. Övladımın şəhadətindən sonra da Cənab Prezidentimiz və dövlətimiz sağ olsun, köməklik etdilər. Mənim “butka”m var idi. Onu götürdüm, Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşdirib pirojki satmağa başladım. Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşları isə gəlib dedilər ki, olmaz. “Butka”nı götürüb apardılar. Baxmayaraq ki, heç kimə mane olmurdum.
Vaxtıilə sözügedən məsələ ilə bağlı rayonun icra başçısı Əziz Əzizovun qəbuluna getmişdim. Əziz Əzizov bu məsələnin onun səlahiyyətində olmadığını bildirmişdi. Dedi ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə getməliyəm. Həmin Dövlət Komitəsinə getdim və orada mənə şifahi formada dedilər ki, narahat olma, get “butka”nı haraya istəyirsən qoy. Hər ehtimala qarşı Bakı Şəhər İcra Hakimiyyətinə də bu barədə məlumat verdim. Onlar da narahatçılığa əsas olmadığını bildirdilər. Bütün bunlara baxmayaraq, Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşları “butka”nı yerləşdirmək üçün icazə vermirlər”, – deyə o əlavə edib.
Qeyd edək ki, Ceyhun Hüseynov Birinci Qarabağ müharibəsinin veteranıdır və 1-ci qrup əlildir.