Xəbər verdiyimiz kimi, Şahin Soltan oğlu Bağırov Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edilib. DGK-nin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Ş.Bağırova həvalə edilib.
Korrupsiya.az Şahin Bağırovun dosyesini təqdim edir:
12 yanvar 1965-ci ildə anadan olan Şahin Bağırov 1986-cı ildə Voronej Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirdikdən sonra Azərbaycan Respublikasının Aqrar Sənaye Kompleks sistemində çalışıb.
1992-ci ildən gömrük orqanlarında fəaliyyətə başlamış və Bakı Baş Gömrük İdarəsinin inspektoru, “Əli-Bayramlı” gömrük postunun rəisi, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsində, Daxili Təhlükəsizlik İdarəsində, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini və sonradan həmin idarənin rəisi vəzifəsində çalışıb.
Şahin Bağırov 2003-cü ildə Rusiya Gömrük Akademiyasının “Gömrük işi” fakültəsini bitirib və 2004-cü ildə həmin akademiyanın aspiranturasını bitirərək iqtisad elmləri namizədi dərəcəsinə yiyələnib.
2010-cu ildə Azərbaycan Respublikasının iqtisadi mənafelərinin qorunmasında xidmətlərinə və gömrük orqanlarında səmərəli fəaliyyətlərinə görə Prezidenti tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
2012-ci ildə Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni alıb.
2014-cü ilin yanvar ayından Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədrinin müavini vəzifəsinə təyin olunub. Prezident İlham Əliyevin 6 iyul 2018 tarixli sərəncamı ilə DGK sədrinin müavini vəzifəsindən azad edilib.
Ş.Bağırov DGK sədrinin birinci müavini təyin olunanadək Əmlak Məsələləri Dövlət Xidmətində çalışıb.