Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

azdin.az  xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə Vilyam Hacıyev son söz deyib. O bildirib ki, ittihamlar əsaslandırılmayıb.

Təqsirləndirilən şəxs bildirib ki, vəzifədə olduğu müddətdə dövlətə və dövlətçiliyə xidmət edib. Vilyam Hacıyev xahiş edib ki, məhkəmə onun dövlətə xidmətlərini nəzərə alsın.

Hakimlər müşavirəyə yollanıb. Müşavirədən sonra prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə V. Hacıyev 12 il azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.

Həmçinin Vilyam Hacıyevin üzərinə həbs qoyulan 5 milyon 344 min manatlıq əmlakı müsadirə edilib.

Belə ki, İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsində yerləşən fərdi ev (orta bazar dəyəri – 1 852 000 manat), İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən mənzil (orta bazar dəyəri – 275 000 manat), İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Xırdalan şəhərində yerləşən mənzil (orta bazar dəyəri 67 000 manat), İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən mənzil (orta bazar dəyəri 86 000 manat), İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən mənzil (orta bazar dəyəri 74 000 manat), İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən mənzil (orta bazar dəyəri 65 000 manat), İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Nardaran-Ləhiş yolunun 300 metrliyində yerləşən ev (orta bazar dəyəri 2 626 000 manat),,İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş “BMW X5” markalı, “90-CM-200” dövlət qeydiyyat nömrəli minik avtomobili (orta bazar dəyəri 22 000 manat), Hacıyev Məhəmməd Vilyam oğlunun adına rəsmiləşdirilmiş “Land Rover” markalı, “90-KH-900” dövlət qeydiyyat nömrəli minik avtomobili (orta bazar dəyəri 126 000 manat), İbrahimova Cülyetta Paşa qızının təsisçisi olan “Xəzər-222” MMC-yə sənədləşdirilmiş “BMW 740-İ” markalı, “10-AZ-369” dövlət qeydiyyat nömrəli minik avtomobili (orta bazar dəyəri 33 000 manat), İbrahimova Cülyetta Paşa qızının təsisçisi olan “Xəzər-222” MMC-yə sənədləşdirilmiş “Bentley Continental GT” markalı, “10-PR-777” dövlət qeydiyyat nömrəli minik avtomobili (orta bazar dəyəri 118 000 manat) müsadirə edilib.

Həbs olunan əmlaklar zərərçəkmişələrə, qalan məbləğ isə dövlət nəfinə ödənilib.

Paylaş