Xəbər verdiyimiz kimi, dünən Zəngilan Beynəlxalq Hava Limanının açılışı olub.
Açılışda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib.
Bəs Ərdoğanın bu səfəri regiondakı digər ölkələrə hansı mesajı verir? Həmçinin bu səfər İranın Araz çayı sahillərində keçirdiyi təlimlərə cavabdırmı?

Məsələ ilə bağlı Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev Korrupsiya.az -a danışıb.

Deputat bildirib ki, Zəngilan Hava Limanının açılışı dünya dövlətlərinə bir mesajdır:
“Zəngilan Hava Limanının açılışı Cənab Prezident İlham Əliyevin və Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarələrinin həmin hava limanına enməsi və orada bu təntənəli açılış nəinki qonşu ölkələrə, həm də dünyaya göndərilən bir mesajdır. Birinci növbədə bu proses sülhü yaxınlaşdırır. Bir çox ölkələrə, o cümlədən Ermənistana, Rusiyaya, İrana konkret, aydın cavablar verir. Qarabağda yaşayan ermənilərin isə ümidlərini qırır. Onları reallıq görməyə vadar edir. Çünki Azərbaycan dönməzdir. Azərbaycan nəinki Qarabağın Azərbaycana məxsus olduğunu sübut edib, həm də Zəngəzur dediyimiz dəhlizin də açılmasına nail olacaq. Bu gün Zəngilan Hava Limanının açılması və onun nəqliyyat-logistik hava çevrilməsi ilə bağlı verilən mesajlar məhz Zəngəzur dəhlizinin baş tutacağına bir işarədir”.
Millət vəkili qeyd edib ki, yeni hava limanı Ermənistanın və İranın da maraqlarına cavab verən bir layihədir:
“Əlavə olaraq, bu fikirlərin cənab Rəcəb Tayyib Ərdoğan və cənab Prezident İlham Əliyev tərəfindən səsləndirilməsi həm də İranın bizim sərhədlərimizdə keçirdiyi hərbi təlimlərə bir cavabdır. İran hərbi təlimlərdə körpülərdən tank keçirib, PUA-lar uçurur, xüsusi təyinatlıları həmin əraziyə yığır. Bu, o mesaj idi ki, biz Zəngilan Hava Limanının açılmasına razı deyilik. Azərbaycan isə hava limanını açdı, cənab Ərdoğan həmin hava limanına gəldi və bu da o deməkdir ki, Zəngilan Hava Limanı işləyəcək. Zəngəzur dəhlizi də açılacaq.  Bu həm də bütün qonşu ölkələrin Ermənistanın və İranın da maraqlarına cavab verən bir layihədir. Biz bu layihə ilə heç də İranın maraqlarına ziyan vurmaq istəmirik, vurmuruq da. Bu layihə bütün ölkələr üçün açıqdır və bu bərabərhüquqlu iştirak üçün heç bir əngəl yoxdur.
Ərdoğanın Zəngilana səfər etməsi ilə bağlı deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı da AZXEBER.COM-a öz fikirləri deyib:

Deputat hava limanının istifadəyə verilməsinin birbaşa Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olmasından irəli gəldiyini bildirib:
“Zəngilan Hava Limanının açılması müasir Azərbaycan tarixinin ən mühüm hadisələrindən biridir. Bu hava limanının açılması olduqca strateji əhəmiyyət kəsb edir. Hava limanının açılışında Cənab Prezident İlham Əliyevlə bərabər Cənab Rəcəb Tayyib Ərdoğan da iştirakı bu hadisənin dəyərini və səviyyəsini xeyli dərəcədə yüksəldir. Bu, bir daha sübut etdi ki, Azərbaycanla Türkiyə arasında münasibətlər ən yüksək səviyyədədir və Azərbaycanda dövlətçiliyimizlə və milli maraqlarımızın reallaşması ilə bağlı bütün tədbirlərdə Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti ilə yanaşı durur və iştirak edir. Özünün fikirlərini, ciddi bəyanatlarını böyük coşqu ilə ifadə edir. Bu, dövlətçiliyimiz üçün son dərəcə önəmlidir.
Fəzail Ağamalı onu da əlavə edib ki, Fransa və İran Ərdoğanın bu səfərindən nəticə çıxarmalıdır:
“Heç şübhəsiz ki, Fransanın prezidenti Emmanuel Makronun Azərbaycana qarşı dediyi sərsəm fikirləri unutmamışıq. Avropanın Azərbaycanla Ermənistanın sərhədinə müşahidəçiləri göndərdiyi durumda, eyni zamanda İranın heç bir ehtiyacı olmadan sərhəd boyunda təlimlər keçirərək bizə güc nümayiş etdirdiyi bir anormal vəziyyətdə Ərdoğanın açılışda iştirak etməsi, hətta dediyi sözlərdən başqa, sadəcə görüntüsü kifayət edir ki, həm Fransa, həm də İran molla-fars rejimi özü üçün nəticə çıxarsın. Bu o deməkdir ki, Azərbaycana qarşı hər hansı bir təhdid olarsa, dövlətçiliyimiz və ərazi bütövlüyümüz üçün təhlükə yaranarsa, şübhəsiz ki, qardaş Türkiyə bizim yanımızda olacaqdır. Bu, Ərdoğanın dünyaya növbəti mesajıdır. Mən əminəm ki, şübhəsiz, növbəti ciddi xarakter daşıyan mühüm hadisələrin başlanğıcında olmasında, bundan sonra da çox sevdiyimiz Türkiyənin prezidenti olacaqdır.
Deputat sonda bildirib ki, o, Ərdoğanın növbəti dəfə prezident seçilməsinə inanır:
“Əminəm ki, qardaş türk xalqı 2023-cü ildə keçiriləcək prezident seçkilərində bir daha dünya çaplı, bütün türk dünyasının birləşdirilməsində, vahid bir ittifaqın yaranmasında son dərəcə ciddi rolu olan, ölkə prezidenti Cənab İlham Əliyevlə bərabər addımlayan, Türkiyə dövlətini bu gün dünyada söz sahibi edən Rəcəb Tayyib Ərdoğana bir daha seçiləcək və növbəti illər üçün o, Türkiyəni yüksəklərə qaldıracaq, türk dövlətlərinin ittifaqının möhkəmlənməsində misiliz töhfələrini verəcəkdir”.
Mikayıl Mirzəzadə
Yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” mövzusunda dərc edilib.
Paylaş