Tanınmış politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynli 1993-cü ildə İran İslam Respublikasının Prezidenti Haşimi Rəfsəncaninin Azərbaycana, 1994-cü ildə isə mərhum prezident Heydər Əliyevin İrana səfəri zamanı müzakirə olunan bəzi mühüm məsələlər haqqında danışıb. 

Sabiq dövlət müşaviri Korrupsiya.az a açıqlamasında bildirib ki, 1993-cü ildə (26-28 oktyabr) Zəngilanın işğalı günlərində İran İslam Respublikasının Prezidenti Haşimi Rəfsəncani Azərbaycanda səfərdə olub. Həmin görüşdə iştirak edən Q.Hüseynli qeyd edib ki, bir sıra məsələlərin müzakirəsindən sonra mərhum prezident Heydər Əliyev Rəfsəncaniyə Zəngilanı xatırladıb:

 

“Ermənilərin Zəngilanı işğal etdiyini, beynəlxalq aləmin bu məsələlərə biganə qalmasını qeyd etdi. Mərhum prezident bildirdi ki, sakinlərimizin bir qismi torpaqlarını tərk etməyib, müəyyən qismi isə Araz çayından çətinliklə keçərək İran ərazisinə çıxıblar. Həmçinin qeyd edib ki, İran tərəfi Zəngilan camaatına qarşı qəddarcasına hücuma keçən erməniləri çəkindirmək üçün artilleriya atəşindən istifadə etsin. O zaman Rəfsəncani bunu edə bilməyəcəklərini söylədi. Bu, beynəlxalq skandala səbəb ola bilər, beynəlxalq aləmdə mübahisə doğurar, İranın ünvanına xoşagəlməz fikirlər səsləndirilə bilər və s. Guya, Ermənistanla müharibə vəziyyətinə girə bilərlər. Bu fikirləri çox qayğısız, etinasız formada səsləndirirdi. Bu isə İranın o zamankı Ermənistan hücumlarını ürəklərində müdafiə etdiyini, hətta ona sevindiklərini, Azərbaycanın haqq işinə dəstək vermədiklərini aydın şəkildə göstərirdi”.

 

Politoloq qeyd edib ki, 1994-cü ildə mərhum Azərbaycan Prezidenti Heydər Əliyev İrana səfər edib. O, səfərdən əvvəl cəbhəboyu zonaya getməklərindən danışıb:

 

“Səfərdən əvvəl onu qeyd edim ki, həmin il Horadiz əməliyyatı olmuş, Ordumuz uğurlar qazanmışdı. Füzulini bir neçə kəndi işğaldan azad olunmuşdu. Yeni hücum əməliyyatları hazırlanırdı. Bu əməliyyatların necə hazırlanması ilə tanış olmaq üçün mərhum prezident Heydər Əliyevin başçılığı ilə təmas nöqtəsinə yaxın Haramı düzünə getdik. Orada komanda mərkəzi var idi. Döyüş maketlərini hazırlamışdılar. Döyüşün necə cərəyan edəcəyi barədə, hansı istiqamətlərdən zərbə endiriləcəyi ilə bağlı Prezidentə məlumat verdilər. Daha sonra Heydər Əliyev ərazidə olan qoşunların dislokasiyası ilə bağlı səngərlərdə əsgər və zabitlərlə söhbət etmək, təmas xətti boyunca ordunun necə düzüldüyünü görmək istədiyini bildirdi. Həmin dövrdə müdafiə naziri olan Məmmədrəfi Məmmədov açıq havada səngərlə irəliləməyin təhlükə olduğunu dedi. Heydər Əliyev səngərlə qoşunların dislokasiya etdiyi sahələrin inspeksiyasını həyata keçirəcəyini qeyd etdi. Mərhum prezidentlə birgə səngərlə irəliləyirdik. Bir neçə yüz metr irəlilədikdən sonra başımızın üzərindən ermənilərin atdığı artilleriya mərmisi keçdi. Bizim olduğumuz yerdən 15 metr və ya bir az çox məsafəyə düşdü, amma partlamadı. Prezident göstəriş verdi ki, mərmi zərərsizləşdirilsin və baxılsın ki, hansı ölkədə istehsal olunub. Bir neçə dəqiqə sonra mərmi zərərsizləşdirildi və bildirildi ki, üzərində “Made in Iran” yazılıb. Heydər Əliyev mənə göstəriş verdi ki, həmin mərmini götürüb Bakıya aparıb lazımi yerdə saxlamaq lazımdır. Bunun nə üçün lazım olduğunu tam başa düşməsəm də, geri qayıtdıqdan sonra məlum oldu ki, İrana rəsmi səfər hazırlanır. İran səfərinə gedəndə həmin mərmini özümüzlə aparacaqdıq”.

 

Daha sonra səfər barədə danışan Q.Hüseynli əlavə edib ki, İran Prezidenti Haşimi Rəfsəncani ilə görüş zamanı bir sıra məsələlər müzakirə olunub: “Danışıqların bir mövzusu da İranın Ermənistana silah yardımı barədə idi. O zaman Rəfsəncani Ermənistana heç bir hərbi yardım etmədiklərini deyirdi. O qeyd edirdi ki, bizim fikirlərimiz qardaş Azərbaycanın müadfiəsi ilə bağlıdır v s. O zaman Prezident Heydər Əliyev göstəriş verdi ki, həmin mərmini gətirək. Zərərsizləşdirilmiş mərmi yaxınlıqda bir yerdə açıldı. Haşimi Rəfsəncaninin adamları gəlib ona baxdılar. Heydər Əliyev bildirdi ki, mərmi cəbhəboyu səfəri zamanı Ermənistan tərəfindən onun olduğu yerə atılıb. Xoşbəxtlikdən partlamayıb. Zərərsizləşdirildikdən sonra onun İranda hazırlandığı məlum olub. Adamları da Rəfsəncaniyə dedilər ki, söylənilənlər doğrudur. Lazım gəlsə, Rəfsəncani özü də gedib mərmiyə baxa bilərdi. Onun hardasa, 5 metr məsafəsində idi. Fakt qarşısında qaldıqdan sonra dedi ki, pulunuzu verin, siz də alın. Sizə də satmağa hazırıq. Orada fikirlər oldu ki, bu qardaşlığa sığmayan amildir və s. Sübut olundu ki, onlar Ermənistana yardım edir. Orada ikiüzlü siyasət ifşa olundu. Digər tərəfdən bizə mərmi verə biləcəkləri barədə eyham vururdular. Sonra bu məsələ ətrafında danışıqlar getmədi, heç bir cəhd də olmadı. Əsas məqsədimiz İranın Ermənsitana yardımını sübut etmək idi. Başqa yardımlar da edirdilər. Onlar da sonra müxtəlif kanallarla isbat olundu”.

 

Eks-dövlət müşaviri həmin görüş zamanı müzakirə olunan digər maraqlı bir məsələyə toxunub:

 

“İran Prezidenti Haşimi Rəfsəncani bildirdi ki, Araz çayı üzərində Ermənistanla birlikdə böyük su bəndi tikməyi planlaşdırırlar. Ondan həm elektrik enerjisi almaq, həm də torpaqların suvarılmasında istifadə etmək istəyirdilər. Bu barədə Ermənistanla razılaşdıqlarını, bizim ölkədən isə xeyir-dua istəyirdi. Mərhum Prezident Heydər Əliyev qətiyyətlə bildirdi ki, həmin yerlər bizim işğal olunmuş ərazilərimizdir. Ermənistan kimdir ki, onlarla razılaşırsınız? Sonradan izahat verildi ki, bənd tikilmək üçün nəzərdə tutulan yerdə tarixi Xudafərin körpüsü var. Həmin layihə Ermənistan ərazisinə bir santimetr belə düşmürdü. Hamısı bizim işğal olunmuş ərazilər idi. Mərhum Prezident bildirdi ki, bu, Azərbaycana qarşı düşmənçilikdir. Ermənsitan kimdir ki, onunla razılaşırsınız? Biz bu layihənin qəti əleyhinəyik. Həmişə çalışmışıq ki, İranla münasibətlərimizi yüksələn xətt üzrə inkişaf etsin, normal qonşuluq münasibətləri olsun. Bu hallar ona zərbə endirir. O, qeyd etdi ki, bundan sonra bizim danışıqlar aparmağımıza ehtiyac qalmayıb. Heydər Əliyev ayağa durandan sonra biz də qalxdıq. Mərhum Prezident qeyd etdi ki, İran tərəfindən belə bir addımların mövcudluğu şəraitində danışıqların davam etdirilməsinə gərək qalmır. Bundan sonra İran Prezidenti Haşimi Rəfsəncani ayağa qalxdı, xahiş etdi ki, dayanın, izahat verəcəm. Çox xahiş etdilər ki, söhbətlərimizi davam etdirək. Yarım saat davam edən xahişlərdən sonra Heydər Əliyev bildirdi ki, əyləşək, danışıqları davam etdirək. Rəfsəncani dedi ki, siz etiraz edirsinizsə, həmin su bəndi olmayacaq. Heydər Əliyevin danışıqlar masasından durması, etiraz etməsi çox böyük rol oynadı. Digər bir məsələ o idi ki, Xudafərin körpüsünün taleyinin necə olacağı soruşuldu. Rəfsəncani biganə şəkildə dedi ki, uçub dağılır, qalsın suyun altında. Heydər Əliyev bildirdi ki, bu, tarixi abidədir. Azərbaycanla-İran arasındakı qardaşlıq körpüsüdür. Siz də ermənilər kimi tarixi abidələri yer üzündən silmək istəyirsiz. Oğru iş başında tutulduğu kimi, Rəfsəncani də etdiyi günahların üstündə tutuldu. Sonradan məlum oldu ki, onlar bu ərazilərdə Ermənsitanla su bəndi tikmək istəməklə yanaşı işğal olunmuş ərazilərimizdə torpaqların suvarılması və orada müxtəlif məhsulların, taxılın və digərlərinin əkilməsi barədə razılığa gəliblərmiş. Heydər Əliyevin səyləri nəticəsində onların hər birinin üzərindən xətt çəkildi”.

Paylaş