Qubada rayon İcra Hakimiyyətinin akt zalında Zəfər Günü münasibətilə şəhid ailələri ilə görüş keçirilib. 

Korrupsiya.az xəbər verir ki, görüşdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı  Vahid Əhmədov, rayon İcra Hakimiyyəti başçısı Ziyəddin Əliyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.

Görüşün əvvəlində ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda müqəddəs şəhidlik zirvəsinə ucalmış bütün vətən övladlarının əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.

Quba rayon İcra Hakimiyyətinin başçısı  Ziyəddin Əliyev  çıxış edərək tədbir iştirakçılarını qarşıdan gələn 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik etmiş, rəşadətli Silahlı Qüvvələrimizin 44 günlük Vətən Müharibəsində qazandığı tarixi qələbə barədə ətraflı danışıb. O öz çıxışında şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısı, eləcə də rayonda bu istiqamətdə görülən işlər barədə də məlumat verib.

Milli Məclisin deputatı Vahid Əhmədov öz növbəsində bütün qubalıları Zəfər günü münasibəti ilə təbrik edərək, Böyük Vətən müharibəsində qubalı döyüşçülərin qəhrəmanlığından, torpaqlarımızın azad olunmasındakı şücaətlərindən bəhs edib. O, öz çıxışında şəhid ailələrinə, qazilərə və ümumilikdə müharibə iştirakçılarına dövlət tərəfindən göstərilən qayğıdan bəhs edərək, Milli Məclisin bu istiqamətdə gördüyü işlər haqqında geniş məlumat verib.

Daha sonra şəhid ailələrinin üzvləri çıxış edərək onlara göstərilən dövlət qayğısına görə ölkə rəhbərliyinə təşəkkürlərini bildirib, eləcə də onları maraqlandıran məsələlər barədə danışaraq öz suallarını icra başçısına və deputata ünvanlayıblar.

Şəhid ailələrinin nüayəndələri tərəfindən qaldırılan məsələlərin qısa vaxt ərzində həlli məqsədilə aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilib.

Sonda icra başçısı və millət vəkili bir daha görüş iştirakçılarıni qarşıdan gələn Zəfər Günü münasibətilə təbrik etmiş, şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına bundan sonra da diqqət və qayğı göstəriləcəyini bildiriblər.

Tədbirdən sonra  millət vəkili və rayon icra Hakimiyyətinin başçısı  Quba rayon Şəhidlər Xiyabanını da ziyarət edərək, məzarlarin üzərinə gül dəstələri qoymuşlar

Paylaş