Soçidə keçirilən üçtərəfli görüş başa çatdı və görüşün yekununa dair birgə Bəyanat qəbul edildi. Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin 31 oktyabr 2022-ci il tarixli bəyanatı Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə tərəflərin sadiqliyi təsdiq olundu.

Rusiya və Ermənistanın görüşdən əvvəl  milli maraqlarımızın əleyhinə səsləndirdiyi bütün tezislər və bu tezisləri reallaşdırmaq üçün etdikləri cəhdlər Azərbaycan tərəfindən qətiyyətlə  rədd edildi. Hörmətli Prezidentimiz cənab İlham Əliyevin Putinlə keçirdiyi görüşdə bəyan etdiyi “Qarabağ münaqişəsi həll olunub, bu konteksdə danışacaq heç bir mövzu yoxdu” kimi prinsipal və dəyişməz mövqeyi toxunulmazlığını qorudu və Bəyanatda Qarabağla bağlı heç bir kəlmə yer almadı. Bu faktın özü isə Qarabağ və orada yaşayan ermənilərlə bağlı məsələnin Azərbaycanın daxili işi olduğunu bir daha təsdiq etdi.

Ən vacibi isə Üçtərəfli Bəyanatı imzalayan Paşinyan Azəbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığı prinsipini bir daha qəbul etməyə məcbur edildi. Bütövlükdə, bütün gərginliyə baxmayaraq Azərbaycan öz maraqlarını tam qoruya və real təzyiqləri dəf edə bildi. Bununla da, “Brüssel Danışıqlar Formatı” çərçivəsində ölkəmizin müəyyən etdiyi 5 təməl prinsip əsasında sülh müqaviləsinin ilin sonuna kimi imzalanması üçün yeni imkanlar yarandı”.

Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov

Paylaş