Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, iradəsi və qətiyyətli qərarları ilə xalqımız Vətən Müharibəsində cəmi 44 günə düşmən üzərində şanlı qələbə qazandı. Tariximizə qızıl hərflərlə yazılan şanlı qələbəmizə aid tədbirlər respublikamızın hər yerində təntənəli şəkildə keçirilməkdədir. 8 Noyabr –  Zəfər günü Abşeron rayonunda da silsilə tədbirlərlə qeyd edilib.

Korrupsiya.az  xəbər verir ki, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsini əbədiləşdirmək məqsədi ilə Xırdalan şəhərində yeni inşa olunmuş “ZƏFƏR” Xatirə Kompleksinin açılış mərasimi keçirilib. Xatirə Kompleksində şanlı qələbəmizin simvollarından olan xarıbülbül və şəhidlərimizin adları qeyd olunmuş abidələr ucaldılıb. Tədbirdə Milli Məclisin sədr müavini Adil Əliyev, Vətən Müharibəsi Qəhrəmanı, V Ordu Korpus Komandiri, general-mayor Kənan Seyidov, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Şahin Həsənli, idarə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyəti iştirak edib

Dövlət Himnimiz oxunduqdan sonra Ulu Öndər Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Zəfər Marşının müşayiəti ilə Vətən Müharibəsi şəhidlərinin övladları tərəfindən Xatirə Kompleksinin açılışı edilib.

Açılış mərasimində çıxış edən Milli Məclisin sədr müavini Adil Əliyev Azərbaycanın həm döyüş meydanında qələbə qazandığını, həm də diplomatiya sahəsində böyük uğurlar əldə etdiyini qeyd edib. Millət vəkili Azərbaycanın Ermənistanla sülh bağlamaq niyyətində olduğunu vurğulayaraq Azərbaycanın regionda dayanıqlı sülhün bərqərar olmasına, kommunikasiyaların açılmasına çalışdığını vurğulayıb. Zəfər gününün bütün dünya azərbaycanlılarının bayramı olduğunu, bu bayramın xalqımızın tarixində çox böyük əhəmiyyət daşıdığını qeyd edərək tədbir iştirakçılarını təbrik edib.

Vətən Müharibəsi Qəhrəmanı, V Ordu Korpus Komandiri, general-mayor Kənan Seyidov da qəhrəman idiglərimizin döyüş meydanında göstərdiyi şücaətlərdən söz açaraq ordumuzun qarşısına qoyulan tapşırıqların öhdəsindən ləyaqətlə gəldiyini vurğulanıb. Azərbaycan ordusunun vətənin keşiyində durmağa, lazım gələrsə canından da keçməyə daim hazır olduğunu qeyd edən general-mayor Kənan Seyidov bildirib ki, bundan sonra da ölkəmizə qarşı törədilə biləcək istənilən təxribatın qarşısı lazimi səviyyədə alınacaqdır.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasətindən, düşmənin döyüş meydanında diz çökdürülməsindən, Ermənistanın Kapitulyasiya Aktına imza atmasından danışaraq işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən abadlıq-quruculuq işlərindən, kənd və şəhərlərimizin yenidən sürətlə inşa olunmasından danışıb. RİH başçısı ölkəmizdə şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində böyük diqqət və qayğının davamlı göstərildiyi qeyd edilərək Abşeron rayonunda da göstərilən bu diqqətin bundan sonra da davam etdiriləcəyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonra çıxış edən şəhid ailələri və tədbir iştirakçıları Zəfər gününün onlar üçün ən böyük bayramlardan biri olduğunu vurğulayaraq ölkəmizdə şəhid ailələrinə və qazilərə böyük diqqət və qayğının göstərildiyini qeyd etmiş və bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Günün sonunda isə Xırdalan şəhərində yerləşən Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında tanınmış incəsənət nümayəndələrinin ifası ilə  atəşfəşanlıqla sonlanan konsert proqramı təşkil edilib.

Paylaş