Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Korrupsiya.az xəbər verir ki, qanun layihəsi barədə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, deputat Tahir Mirkişili məlumat verib.

Komitə sədri Prezident İlham Əliyevin fərmanı ilə dövlət orqanlarında aparılan struktur islahatları nəticəsində Naxçıvan Muxtar Respublikanın Dövlət Gömrük Komitəsinin ləğv edilərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturuna daxil olunmasını diqqətə çatdırıb, bu dəyişikliyin dövlət büdcəsində də əks olunmasının zərurətinə toxunub.

O bildirib ki, yeni yaradılmış Naxçıvan Baş Gömrük İdarəsinin maliyyələşdirilməsi muxtar respublikanın büdcəsindən deyil, mərkəzləşdirilmiş xərclərdən həyata keçirildiyi üçün dövlət büdcəsində müvafiq dəyişikliklər aparılıb. Belə ki, Azərbaycanın 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri və xərcləri 53 milyon manatdan bir az çox olmaqla artırılıb, eyni zamanda icmal büdcənin gəlir və xərclərində isə təxminən 20 milyon manatlıq dəyişiklik edilib. Həmçinin büdcənin strukturunda və indiyədək tətbiq olunan bəzi qaydalarında da müvafiq dəyişikliklər aparılıb.

Qeyd edək ki, 2023-cü il dövlət büdcəsinin gəlirləri 53 milyon 278 min manat artırılaraq 30 milyard 773 milyin 978 min manat təşkil edib. Qanun layihəsinin əvvəlki redaksiyasında 2023-cü il dövlət büdcəsinin gəlirləri 30 milyard 720 milyon 700 min manat təşkil edirdi. Eyni zamanda, qanun layihəsinin yeni redaksiyasına əsasən, dövlət büdcəsinin xərcləri 53 milyon 278 min manat artırılaraq, 33 milyard 353 milyon 278 min manat təşkil edib. Qanun layihəsinin əvvəlki redaksiyasına əsasən, dövlət büdcəsinin xərcləri 33 milyard 300 milyon manat təşkil edirdi.

Qanun layuhəsi III oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

Paylaş