Dekabrın 12-dən etibarən azərbaycanlı eko-aktivistlər, QHT təmsilçiləri, media nümayəndələri və könüllülər Xankəndi-Laçın yolunun Şuşa şəhəri yaxınlığından keçən hissəsində, Rusiya sülhməramlılarının postunun yaxınlığında etiraz aksiyasına başlayıblar. Aksiyanın əsas tələbi Azərbaycan nümayəndələrinin Ağdərə rayonu ərazisindəki “Qızılbulaq” qızıl yatağına və “Dəmirli” mis-molibden yatağına baş çəkməsinə şərait yaratmaqdır. Bundan başqa Azərbaycanlı aksiyaçılar Laçın yolu ilə Ermənistandan Xankəndiyə qanunsuz silah daşınmasına da etiraz edir və bu qeyri-qanuni hərəkətlərin qarşısını sivil formada almaqda israrlıdılar. Çünki Rusiya sülhməramlılarının son iki ildəki fəaliyyətsizliyi nəticəsində Ermənistandan Xankəndiyə humanitar məqsədlərdən kənar, konkret olaraq silah daşınması faktları dəfələrlə aşkarlanıb.

Erməni tərəfi isə Azərbaycanlı aktivistlərin hərəkətlərini hər vəchlə yalanlamağa çalışır, bölgədə “120 min” insanın “humanitar fəlakətlə” rastlaşdığını iddia edir, hətta soyqırım törədildiyini dilə gətirirlər. Onlar və sülhməramlılar koridordan silah daşınmasını birmənalı inkar edirlər.

Korrupsiya.az  xəbər verir ki, Faktyoxla Lab. bu yöndə araşdırma aparıb.

Öncə qeyd edək ki, təkcə ötən 2 ay ərzində Ermənistandan Xankəndiyə silah və terrorçu daşınması haqda Azərbaycan mediası səhih məlumatlar yaymışdı. Məlumatlardan birini caliber.az saytı yaymışdı. Məlumatda “sülhməramlıların müvəqqəti məsuliyyət zonasından külli miqdarda silah-sursat, portativ rabitə və digər texnikaların Xankəndiyə ötürülməsi qeyd olunurdu.

Paylaş