Son illərdə paytaxt Bakı başda olmaqla, böyük şəhərlərimizdə havanın həddindən çox çirkli olması barədə narahatlıq mövcuddur. Bu məsələdə ən böyük pay sahibi avtomobillər, xüsusilə də istismar müddətini başa vurmuş nəqliyyat vasitələridir. Mövcud durum artıq müvafiq qurumları da hərəkətə gətirib. Bəs sözügedən sahədə daha hansı işlərin görülməsinə ehtiyac var?

“Kaspi” qəzeti növbəti məqaləsində bu və digər suallara cavab tapmağa çalışıb.

Avtomobilləri sıradan çıxaran səbəblər

Ekoloq Kənan Kərimli dedi ki, nəqliyyat vasitələrinin sayı hər gün artır, xüsusən daxili yanma mühərrikləri ilə işləyən avtonəqliyyat vasitələri atmosferi çirkləndirən başlıca mənbə olaraq qalırlar: “Avtomobillərin əksəriyyəti fiziki və texniki cəhətdən aşınmış, ekoloji göstəricilərinə görə istismara yararsız vəziyyətdədir. Əlverişsiz yol şəraiti, yanacaq-sürtgü materiallarının keyfiyyətinin aşağı olması avtonəqliyyat vasitələrinin texniki hissələrinin və aqreqatlarının sürətlə yeyilməsinə, yanacaq sərfinin və xaric olan qazların zəhərliliyinin artmasına səbəb olur. Texniki qulluq və təmirin keyfiyyətinin yüksək səviyyədə olmaması, müasir avadanlıqların və ixtisaslı mütəxəssislərin çatışmazlığı avtonəqliyyat vasitələrinin iş qabiliyyətinin tam bərpa edilməsinə mənfi təsir göstərir. Avtonəqliyyat vasitələrinin ekoloji parametrlərini normada saxlamaq üçün onların texniki vəziyyətinə diaqnostika stendləri və avadanlıqlarından istifadə olunmaqla dövri nəzarət zəruridir”.

Bu avtomobillərə keçid tək çarədir

K.Kərimlinin fikrincə, hibrid və elektromobillərə keçid tək çarədir: “Yararsız və ya istismar müddətini başa vurmuş avtomobillərin dövriyyədən çıxarılması ekoloji durumun yaxşılaşmasında rol oynamaqla yanaşı, həm də yol-nəqliyyat hadisələrinə səbəb olan halların azalmasına da təsir göstərəcək. Nisbətən ekoloji təmiz hesab olunan hibrid, tam elektrik və buraxılışı 1-3 il aralığında olan yeni, kiçik həcmli daxili yanma mühərrikli avtomobillərin ölkəyə gətirilməsini stimullaşdıran addımların atılması ekoloji tarazlığı bərpa edəcək. Bununla yanaşı, tam elektrikli avtomobillərə digər nəqliyyat vasitələrində olmayan müəyyən imtiyazların verilməsi əhali arasında onlara marağın yaranmasına səbəb olar. Bu imtiyazlara dayanacaqların pulsuz olması, faizsiz kredit şərtləri ilə satış, sığorta qiymətində, texniki servis xidmətlərinin qiymətlərində endirim, enerji doldurma məntəqələrinin sayının artırılması və s. daxildir”.

Bu sahədə müvafiq addımlar atılacaq

Ekoloqun sözlərinə görə, ictimai nəqliyyat şəbəkəsinin hər kəs üçün əlçatan olması avtomobil sahiblərinin də ondan istifadəsinə zəmin yaradar: “Bu baxımdan son illərdə atılan addımlar, xüsusən avtobus hərəkəti üçün ayrılmış xüsusi zolaq bu keçidin sürətlənməsinə səbəb olub. Gələcəkdə istismara yararsız avtomobillərin utilizasiyası, idxal olunan yeni avtomobillərə güzəştlər, ölkə ərazisində ekoloji göstəricilərə nəzarət edən ekoloji postların sayının artırılması, texniki qulluq və təmirin keyfiyyətinə dövlət nəzarətinin artırılması, yeni avtomobillərin daha əlçatan olması üçün müvafiq addımlar atılması gözlənilir”.

Yeni qərarlar veriləcək
Nəqliyyat eksperti Eldəniz Cəfər bildirdi ki, Azərbaycanda ekosistemin yaxşılaşdırılması üçün bir sıra yeni layihələr həyata keçirilib: “2022-ci ilin sonunda Yol Xəritəsi hazırlanıb. Ölkəyə idxal olunan ekoloji təmiz nəqliyyat vasitələri gömrük və digər rüsumlardan azad edilib. Görünür, növbəti mərhələdə atmosferə buraxılan zərərli qazların miqdarını azaltmaq üçün yeni qərarlar veriləcək. Bu gün Azərbaycana idxal olunan avtomobillərin ekoloji standartı Avro-4-dür. Növbəti illərdə ölkəmizdə artıq Avro-5 standartına keçid olacaq. Yəqin ki, hazırlıqlar ona doğru gedir”.

Avtomobillərin 80 faizinin yaşı 10 ildən artıqdır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimovun sözlərinə görə, ölkəmizə idxal olunan 80 faizdən çox avtomobilin istismar ili 10 ildən artıqdır. Burada 30 ildən daha çox yaşı olan avtomobillərin də payı böyükdür: “Vacib məqamlardan biri avtomobillərin mütəmadi texniki baxışdan keçirilməsi və həmin nəqliyyat vasitələrinin mövcud standartlara uyğunluğunun yoxlanılmasıdır. Avtomobilin bir sıra hissələrinin sıradan çıxması ətraf mühitə ciddi təsir göstərə bilər. Ona görə atmosfer havasına atılan çirkləndirici qazların 80 faizdən çoxu məhz nəqliyyat sektorunun üzərinə düşür. Bu da müvafiq tədbirlərin görülməsinin sürətləndirilməsini tələb edir”.

Fevral ayından bu sistem işə başlayacaq

Müsahibimiz bildirdi ki, istismar müddəti bitmiş nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı qanunvericiliyə müvafiq dəyişikliklər qəbul olunub: “Tullantılar haqqında” qanuna xüsusi bölmə və yeni maddələr daxil edilib. Hazırda istismar müddəti bitmiş köhnə nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı müvafiq tədbirlər görülür. Fevral ayından artıq bu sistem işə başlayacaq. Ödəmələr olunması üçün fond yaradılır. Sentyabr ayından köhnəlmiş nəqliyyat vasitələri müvafiq özəl şirkətlərdən təşkil olunacaq utilizatorlara təhvil veriləcək”.

Əhaliyə alternativ təklif etməliyik

F.Mütəllimov qeyd etdi ki, hazırda elektromobillərin istifadəsinin təşviqinə, köhnə nəqliyyat vasitələrinin idxalı ilə bağlı tənzimləmələrin həyata keçirilməsinə daha çox fokuslanılıb. Amma əhaliyə alternativ təklif edilməlidir: “Bu gün hər kəsin bir nəqliyyat vasitəsindən istifadəsi tıxaclara gətirib çıxarır. Lakin ictimai nəqliyyatdan istifadə üçün imkanlar daha da yaxşılaşdırılmalıdır. İctimai nəqliyyat sisteminin yaxşılaşdırılması istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən işlər görülür. Metro şəbəkəsinin genişləndirilməsi, müntəzəm marşrut xətlərinin yaxşılaşdırılması, fərdi avtomobillərdən istifadənin azaldılması, velosiped yollarının olması və digər mühərriksiz nəqliyyat vasitələrindən istifadənin artırılması ilə bağlı kompleks tədbirlərin görülməsi nəzərdə tutulur”.

Paylaş