Çoxmərtəbəli bina sakinlərinin qorxulu yuxusuna çevrilən liftlər günümüzün aktual problemindən biri hesab olunur. Lift qəzaları kabusa bənzəsə də, təəssüf ki, gerçəkdir. Belə hadisələr insanların həyatı üçün olduqca böyük riskə səbəb olur. Zaman-zaman yaşanan lift qəzaları sakinlərdə hərəkəti asanlaşdırmaq üçün binalara quraşdırılan bu qurğulara qarşı böyük narahatlıqlar yaradır. 

Bəs, analoji halların təkrarlanmaması üçün hansı tədbirlər görülməlidir?

Məsələ ilə bağlı “Yeni Sabah”a danışan texniki təhlükəsizlik eksperti Orxan Musayev bu barədə vacib detalları açıqlayıb:

“Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən liftlərin təhlükəsiz istismarına baxış keçirilir. Bu yoxlama zamanı sovet dövründə qəbul edilmiş qaydalar əsasında aparılır. Fikrimcə, artıq yeni dövrə uyğunlaşan standartları tətbiq etmək bu məsələdə daha çox gündəmə gətirilməli və həmin istiqamət üzrə işlərə başlanılmalıdır. Baş verən qəzaların səbəbi əksər hallarda istismar müddəti bitən liftlərin istifadəsi ilə bağlıdır. Yox, əgər, yeni liftdə qəza yaşanarsa, bu da vaxtında yoxlama işləri və texniki baxışın aparılmaması ilə əlaqədar olur. İstismar müddəti bitməyən liftlərin istifadəsi zamanı isə texniki vəziyyətin müəyyənləşdirilməsi məqsədilə mütəmadi olaraq diaqnostika aparılmalıdır. Texniki diaqnostika tam və qismən növlü yoxlamalara  bölünür. Bu məsələyə daxili əmr əsasında məsul şəxslər təyin olunmalıdır. Onlar texniki müayinə və təmir işlərinə nəzarət etməli və bu işləri tənzimləməlidir”.

Ekspert lift qəzalarında məsuliyyət daşıyan şəxslərdən də söz açıb:

“Liftlərin təhlükəsiz istismarı və texniki baxış məsələlərinə aid birbaşa məsuliyyət MTK rəhbərinin üzərindədir. Onlar bu işlərin təşkilinə nəzarət prosesini həyata keçirməlidir. Təmir işləri üzrə xüsusi qeydiyyat kitabçaları olmalıdır. Liftlər quraşdırılarkən texniki normalara və layihəyə uyğun quraşdırılmalı, pasportları, sertifikatı, istehsal məlumatı və sınaqdan keçirilməsi ilə bağlı müvafiq aktlar olmalıdır. Bir çox hallarda lift sınaqdan keçirilmədən quraşdırılır. Bu da təbii ki, çox böyük təhlükədən xəbər verir. Həmçinin, liftlərə xüsusi lisenziyası olan servis şirkəti tərəfindən qulluq göstərilməlidir. Bununla bağlı həmin şirkətlə MTK arasında mütləq şəkildə müqavilə bağlanmalıdır”.

Orxan Musayev vurğulayıb ki, bütün təhlükəsizlik tədbirləri kompleks formada həyata keçirilməlidir, yalnız belə olduqda faciənin qarşısını almaq mümkündür:

“Bütün standartlara cavab verən liftlərdə qaldırıcılarla bərabər tutucular da quraşdırılır. Bu qurğuların iş prinsipi ondan ibarətdir ki, kabinənin enmə sürəti normadan artıq olduqda onlar işə düşür və yerə çırpılmanın qarşısını alır. Belə liftlərdə zədələnmə riski çox az olur.  İldə bir dəfə aparılan yoxlamalar ciddi şəkildə təşkil olunmalıdır. Hər hansısa bir qəza təhlükəsi olduğunda liftin istismarını dayandırmaq lazımdır Çünki burada insan həyatı üçün çox böyük təhlükədən söhbət gedir. Liftin daxilində davranış qaydaları ilə bağlı mütəmadi təbliğat və maarifləndirici işlərin aparılmasına ehtiyac var. Bir çox hallarda baş verən qəzanın səbəbi liftin normadan artıq yüklənməsi ola bilir. İnsanlar liftin hansı çəkiyə qədər yük daşıya biləcəyi haqda məlumatlı olmalıdırlar. Bu yük normadan artıq olanda bədbəxt hadisə qaçınılmaz olur. Bundan əlavə liftlərin içində məlumatlandırıcı lövhələrin olmasına böyük ehtiyac var. Həmçinin, liftin içində güzgülərin olması da vacib məqamdır. Bəzən liftin qapısı açılsa da, kabinə yerində olmur. Belə olduqda liftə daxil olan insanlar şaxtaya düşə bilərlər. Güzgülü liftlərdə insanlar kabinəyə daxil olmadan öncə özlərini görüb, sonra içəri addım atmalıdırlar. Bu əsas nüanslardan biridir”.

Paylaş