Müdafiə Nazirliyinin hərbi hissələrinə psixoloq ixtisası üzrə zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olmaq arzusunda olan müddətli həqiqi hərbi xidmətini başa vurmuş, ali təhsilli, 30 yaşınadək olan vətəndaşlar martın 27-dən aprelin 20-dək müvafiq sənədlərlə birlikdə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində (AO TTM) fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.
Pravda.az xəbər verir ki, bu barədə MN məlumat yayıb.
“Ehtiyat zabit hazırlığı kursu”na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyası tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədilə Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına göndərilirlər. Komissiyanın qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılırlar.
Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq və qərar qəbuletmə bacarıqları, fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər müvafiq ixtisaslar üzrə kursa qəbul edilir.
“Ehtiyat zabit hazırlığı kursu”nu müvəffəqiyyətlə başa vuran kursantlara “leytenant” hərbi rütbəsi verilməklə zabitlərin həqiqi hərbi xidmətinə qəbul olunmaları barədə bağlaşma bağlanır və onlar ixtisaslarına uyğun vəzifələrə təyin olunurlar.
Qeyd olunub ki, məhkumluğu olan hərbi vəzifəlilərin “Ehtiyat zabit hazırlığı kursu”na qəbul üçün müraciət etməmələri xahiş olunur.