Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsinin sabiq rəis müavini – səfərbərlik şöbəsinin rəisi Adil Hüseynovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Korrupsiya.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsinin hakimi Fərid Əyyubovun sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası mayın 2-nə təyin edilib.
Xatırlatma: Bakı Hərbi Məhkəməsinin hökmü ilə Adil Hüseynov 8 il 6 ay müddətinə azadlıqdan mərhum edilib.
Qeyd: Adil Hüseynov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həbs edilib.
Adil Hüseynovun barəsində Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham verilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsinin sabiq rəis müavini – səfərbərlik şöbəsinin rəisi Adil Hüseynovun saxta tibbi rəy əsasında hərbi xidmətə yararsızlıq müddətinin 3 il müddətinə uzadılması, həqiqi hərbi xidmətə cəlb olunmama müqabilində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.