Ali Məhkəmədə quldurluqda təqsirləndirilən Pərvin Bünyatovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Korrupsiya.az-ın əldə etdiyi məlumata görə, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd: Hadisə 2022-ci il mayın 17-də paytaxt ərazisində baş verib.
Belə ki, Bünyatov Pərvin Türbət oğlu paytaxtın Q.Nəbi küçəsi ev 2 ünvanının qarşısından keçərkən mobil telefonla danışaraq həmin binanın 3-cü blokuna daxil olan azyaşlı Ümid Quliyev (ad və soyad şərtidir) arxasınca bloka daxil olaraq ondan danışmaq bəhanəsi ilə telefonu alıb. Mobil telefonun kilidli olduğunu görüb, azyaşlıya bıçaqla həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə basqın edib. Telefonun kilidini öyrənərək hadisə yerindən qaçıb.
Bununla da Ümid Quliyevə 200 manat dəyərində ziyan vurmaqla quldurluq edib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181.2.5-ci (Quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.
Cinayəti törədən Pərvin Bünyatov şübhəli şəxs qismində tutulub.