Türkiyənin “Haber Global” telekanalı özünü Fələstin tərəfdarı adlandıran bir qrupun “SOCAR”ın İstanbuldakı ofisinə hücumu barədə süjet hazırlayıb.

 

“Report” xəbər verir ki, sujetdə binaya hücum edənlərin əsl hədəfi açıqlanıb.

 

Qeyd olunub ki, hücum edənlər yalan məlumat əsasında Azərbaycan və Türkiyə münasibətlərinə xələl gətirməyə çalışır:

 

“Neftin Türkiyə üzərindən İsrailə satıldığı ilə bağlı böhtan atan terror təşkilatının tərəfdarları Türkiyənin İstanbul şəhərində yerləşən Azərbaycan Dövlət Neft Şirkətinin binasına hücum ediblər. Hücumçular pəncərələri sındırıb, qapıları yerindən çıxarmağa və hədə-qorxu gəlməyə çalışıblar. Qəzzaya dəstək adı ilə çıxış edən marjinal qrupların əsas hədəfi Azərbaycan-Türkiyə dostluğu olub. Fələstinin tərəfdarı kimi çıxış edən bu qrup Qəzzanı bəhanə edərək, yalan və böhtanla Azərbaycanı ləkələməyə çalışır”, – süjetdə deyilir.
Belə ki, aksiyada iştirak edənlərin bir çoxunun Suriya və İraqda Türkiyəyə qarşı döyüşən terrorçu qruplaşmaların fəaliyyətini dəstəklədiyi məlum olub:

 

“Bu da öz növbəsində əsl məqsədin Qəzza olmadığını açıq-aydın ortaya qoyur. Aksiyada İranın da əli var. Binaya hücum İranın dəstəklədiyi qruplaşmalar tərəfindən həyata keçirilib. Odur ki, türklər üçün həssas olan Qəzza alət olaraq istifadə edilir”.

 

Vurğulanıb ki, Azərbaycan ərazilərini işğaldan azad etdikdən sonra qərbyönümlü qüvvələr Türkiyə ilə münasibətlərə zərər yetirmək üçün müxtəlif provokasiyalara əl atırlar: “Lakin bu cür aksiyalar heç bir nəticə verməyəcək”.

Paylaş