Yeni Müsavat”ın illər öncə yazdıqları….

Baş Prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinin Tərtər rayonunda ermənilərə işləyən bir qrup hərbçi və mülki şəxsin ifşası ilə bağlı bəyanatı hələ də aktualdır. Hazırda bu məsələ cəmiyyətdə çox ciddi şəkildə müzakirə olunmaqdadır. DTX sədri Mədət Quliyev bir neçə gün öncə məsələ ilə bağlı verdiyi açıqlamada bildirib ki, casus şəbəkəsi ordumuza 1988-1990-cı illərdən sızıb.

Məsələ burasındadır ki, həmin illərdən ötən müddət ərzində şəbəkənin fəaliyyətinin həddən ziyadə açıq fəaliyyəti ortalıqda olub. Hətta mətbuat səhifələrinə qədər də gəlib çatıb.

Məsələn, “Yeni Müsavat”da 2008-ci ilin dekabrında Tərtər rayonunun Qapanlı kəndi ərazisində yerləşən “N” saylı hərbi hissənin ermənilərlə üzə-üzə olan posta basqınla bağlı xəbər dərc olunub. Həmin xəbərdə deyilirdi ki, posta hücum etmiş 4 naməlum silahlı şəxs 1 əsgərimizi öldürüb, 1 kiçik çavuşu isə yaralayıb. Bu barədə redaksiyanı bilgiləndirən mənbənin sözlərinə görə, 2008-ci il dekabrın 27-nə keçən gecə idmançı görkəmli, xüsusi hərbi geyimli, üzü maskalı 4 nəfər postumuza qəfil hücum edib. Postda olan 7 əsgər və bir kiçik çavuşun silahlarını götürən qrup üzvləri hərbçilərimizi yuxudan oyadaraq onların əl-qolunu bağlayıb. Bir-biri ilə Azərbaycan dilində səlis danışan silahlılar hərbçilərimizi sorğu-suala tutub.

Onlardan biri əsgərin ona diqqətlə baxdığını görüb və yaxınlaşaraq onu tanıyıb-tanımadığını soruşub. Əsgərin “tanıdım” cavabından sonra həmin əsgəri və kiçik çavuşu Tərtər rayonu istiqamətinə aparıblar. Onlar rayon mərkəzinin yaxınlığında əsgəri öldürüb. Kiçik çavuş qaçıb canını qurtarmaq istəyəndə isə ona da atəş açılıb. Çavuşun öldüyünü güman edən silahlılar ərazidən uzaqlaşıb. Hadisədən bir neçə saat sonra postu dəyişməyə gələn hərbçilərimiz oradakı əsgərləri əl-qolu bağlı vəziyyətdə görüb. Bundan sonra həyəcan siqnalı verilib və postdan naməlum istiqamətə aparılan əsgərlə çavuşun axtarışlarına başlanılıb. Əsgərin meyiti tapılıb, çavuşu isə huşsuz vəziyyətdə tapıblar.

Həmin dövrdə hadisə ilə bağlı MTN, Hərbi Əks-Kəşfiyyat İdarəsi və Hərbi Prokurorluq əməkdaşlarından ibarət xüsusi əməliyyat-istintaq qrupu yaradılıb. 2 sentyabr 2010-cu ildə MTN basqının üstünün açılması ilə bağlı məlumat yaymışdı. Bu gün artıq ləğv olunan MTN-in məlumatında da həmin adlara rast gəlirik. Məlumatda bildirilirdi ki, Tərtər Hərbi Prokurorluğu tərəfindən cinayət işi başlanılaraq istintaqın davam etdirilməsi üçün Respublika Hərbi Prokurorluğuna göndərilib. Cinayətləri törətmiş şəxslər müəyyən edilmədiyindən cinayət işinin istintaqı 6 yanvar, 2010-cu il tarixdə dayandırılıb.

Sonradan MTN bu işi “Sumqayıt camaatı”nın tərkibindəki “Sahil camaatı”na daxil olan şəxslərin adına çıxardı.

O vaxt yayılan rəsmi məlumatda deyilirdi ki, “Abdulməcid” ləqəbli İlqar Mollaçiyev və “Həmzət” ləqəbli Telman Abdullayev “Sahil camaatı” adlı silahlı qrup yaradıblar. Rəsmi məlumatda bildirilirdi ki, bu şəxslər və digər qrup üzvləri qanunsuz olaraq zabit və əsgər paltarları geyiniblər, tapançalarla və soyuq silahlarla silahlanaraq döyüş postunda dayanmış əsgərlərin olduğu səngərə hücum ediblər. Posta çatanda orada olan əsgər onlardan parolu soruşub. Qrup üzvlərindən Əsgər Məmmədov parolu söyləyib və hərbi hissədən yoxlayıcı olduqlarını bildirərək əsgərlərə yaxınlaşıblar. Silahlı birləşmənin üzvləri postları yoxlamaq adı ilə həmin əsgərləri kənara apararaq düşmənlə üzbəüz səngərdə xidmət edən əsgərlərdən birini səsboğucusu olan tapançadan başına atəş açmaqla öldürüblər, digərinə isə güllə yarası xəsarəti yetiriblər. Sonra onlar hərbi hissəyə məxsus 1 ədəd “SVD” markalı snayper tüfəngini, bu silaha aid içində 30 ədəd patron olan 3 ədəd sandıqçanı, 2 ədəd “AKMS” markalı avtomat silahı və onlara aid içində 60 ədəd patron olan 2 ədəd sandıqçanı özləri ilə götürərək gediblər.

İstisna deyil ki, o dövrdə Tərtərdəki hərbi posta basqını “Sahil camaatı”nın “ayağına” yazmaqla bağlı hesab olunan cinayəti “açıblar”

Səfər Əbiyevin nazir olduğu dövrdə Azərbaycan ordusunda casus şəbəkəsinin əl-qol açması üçün münbit şəraitin olduğunu təsdiqləyən geniş yazılar “Yeni Müsavat”ın 2009-cu ilin iyununda işıq üzü görən saylarında da dərc olunub.

Həmin ilin mayında Respublika Hərbi Prokurorluğunda 5 nəfər hərbçinin işi üzrə ibtidai istintaq yekunlaşıb. “Yeni Müsavat”ın əldə etdiyi ittiham aktından belə aydın olurdu ki, “N” saylı hərbi hissənin zabiti, leytenant Xəqanı Bəkir oğlu Cavadov kiçık çavuşlar – Elçin İbad oğlu Məmmədov, Samir Müxlis oğlu Tağıyev və əsgər Süleyman Lətifşah oğlu Əliyevlə əlbir olaraq qulluq mövqeyindən istifadə etməklə tabeliklərində olan əsgərləri zorlayıb və ermənilərin xeyrinə casusluğa cəlb edib. Ermənilər də həmin əsgərlərdən istifadə edərək ordumuzun mövqeləri barədə məlumat almaqla yanaşı, onların əli ilə Azərbaycan ərazisində partlayışlar törətməyi planlaşdırıblar.

Həmin yazıdan sitat: “Cinayət işində adı keçən 5-ci hərbiçi isə leytenant Rəşad Razim oğlu Abışovdur. O, dəstə başçısı leytenant E.Məmmədova qanunsuz olaraq odlu silahın komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular verməkdə təqsirləndirilir. İttiham aktına görə, 2008-ci ilin fevralından başlayaraq, ”N” saylı hərbi hissənin zenit-pulemyot manqasının komandiri, kiçik çavuş Elçin İbad oğlu Məmmədov digər kiçik çavuş Samir Tağıyevlə birlikdə əsgər Elməddin Əliyevi digər əsgər Nurlan Novruzovu döyməyə məcbur ediblər. Onların əmri əsasında E.Əliyev N.Novruzovun əllərini qapıya bağlayıb. Bundan sonra isə kiçik çavuşlar əllərini bir-birinin çiyninə qoyaraq əsgər N.Novruzovun qarın nahiyəsinə təpiklə zərbələr vurublar. Elməddin Əliyevi də yumruqla N.Novruzovun qarnından vurmağa məcbur ediblər. Bütün bu işgəncələr barəsində əsgərlərdən biri taqım komandiri Xəqani Cavadova məlumat versə də, sonuncu bu məlumatları qulaqardına vurub. İstintaq zamanı leytenantın əsgərlərlə çavuşların amansız rəftarına göz yummasının səbəbləri də üzə çıxıb. Məlum olub ki, hələ 2007-ci ilin sonlarında kiçik çavuş Elçin Məmmədovla əlbir olmaqla Xəqanı Cavadov ermənilərlə işbirliyinə razılıq verib. Erməni hərbiçilər X.Cavadova “Tufan”, E.Məmmədova isə “Best Tufan” ləqəbi verməklə onları casusluğa cəlb ediblər. 2007-ci ilin dekabr ayının əvvəllərində kiçik çavuşla leytenant əsgər Nurlan Novruzova “koma”ların yanına getməsini əmr edib və yolda onu azdıraraq düşmən postuna aparıblar.

Ermənilərin “Andrey” adlı hərbçisi Nurlanı videokameraya çəkməklə zorladıqdan sonra ondan casusluq fəaliyyəti göstərməsini tələb edib. Nurlandan xidmət etdiyi posta kimin və hansı səbəbdən gəlməsi, gəlmiş şəxsin hansı vəzifədə işləməsi, Şəmkir və Gədəbəy rayonlarında yerləşən hərbi hissələrdəki əsgərlərin sayı barədə məlumat toplayıb onlara ötürmələrinə dair tapşırıqlar verilib”.

Həmin dövrdə mətbuatda bu məsələ geniş müzakirələrə səbəb olsa da, Səfər Əbiyev tabeliyindəki hərbi hissələrdə baş verənlərlə bağlı əməli tədbirlər görülməsinə, casusların, ermənilərlə əlbir olanların ifşasına yönələn göstərişlər verməyib. “Niyə”sini ondan bu gün də soruşmaq gec deyil.ulus

Paylaş