AMEA-da mənzil qalmaqalı daha da böyüyür. Femida.az-a bununla bağlı AMEA-nın aspirantlar yataqxanasının sakinləri tərəfindən bəzi məlumatlar daxil olub.

 

Daxil olan məktubdan məlum olur ki, AMEA-nın mərhum prezidenti Mahmud Kərimov 22 fevral 2011-ci il tarixdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarına Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi ev 12 ünvanında yerləşən yataqxanada uzun illərdir yaşayan AMEA alimlərinin mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə həmin sakinlərin mənzillə təmin olunmasına və yaxud həmin yataqxananın özəlləşdirilərək orada yaşayan sakinlərin mülkiyyətinə verilməsinə köməklik göstərməsi barədə müraciət ünvanlayıb. Prezident İlham Əliyev müsbət cavab olaraq Bakı şəhər İcra Hakimiyyətinə bu barədə göstəriş verib. 14 noyabr 2012-ci il tarixdə “Sifarişçi” tərəf olaraq AMEA-nın mərhum prezidenti Mahmud Kərimov və “Podratçı” tərəfdən “Evrostroy-S” MMC arasında Podrat Müqaviləsi bağlanılıb.

AMEA-nın aspirantlar yataqxanası binasının sökülüb, yenidən tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında Bakı şəhər İcra Hakimiyyətinin 564 saylı Sərəncamı 19.12.2012-ci il tarixdə H.Abutalıbov tərəfindən imzalanıb. Bundan sonra “Evrostroy-S” MMC AMEA-ya məxsus 0,66 ha torpaq sahəsində AMEA ilə bağlanmış müqavilənin 1.1-ci bəndinə müvafıq olaraq həmin yataqxanaya aid olan ərazidə aspirantlar yataqxanasında yaşayan sakinlər üçün öz vəsaiti hesabına inşa etdiyi 1 girişli 16 mərtəbəli yaşayış binasını Sifarişçiyə təhvil verməyi öz öhdəsinə götüb və artıq işlər yekunlaşıb.

Artıq mənzillər hazır olsa da, bölgüdən narazı qalanlar var. Daxil olan məktubda iddia olunur ki, mənzil bölgüsündə ədalətsizliyə yol verilib. Onların sözlərinə görə, yeni evlər 65 m2 olmaqla hər kəs arasında paylanmalı olduğu halda, bəzi şəxslər 100 m2 və artıq sahəyə malik mənzillərə sahib olublar. Bu isə digər şəxslərin mənzilsiz qalmasına səbəb olub.

“13 iyun 2017-ci il tarixində püşkatma yolu ilə 54 mənzilin bölgüsünü həyata keçirib və yerdə qalan 50-dən artıq 20 ildən çox müddətdə yataqxana şəraitində yaşayan sakinlər ev bölgüsündən kənarda qalıb. Guya mənzil bölgüsü zamanı əməkdaşların elmi dərəcəsi, ailə vəziyyəti və ailədə imtiyaz verən digər hallar nəzərə alınıb. Necə nəzərə alınıb ki, tikinti başlayanda hər bir sakinlə razılıq əldə olunmuşdu ki, (hazırda yataqxanada yaşayan sakinlərin mənzillərinin sahəsi 22.5 m2 təşkil edir) yeni mənzillərdə evlər 65 m2 olmaqla bu yataqxanada yaşayan sakinlər arasında püşkatma yolu ilə bölüşdürüləcək. Çox maraqlıdır, görəsən hansı statusları və elmi nailiyyətləri nəzərə alınıb ki, ev almış 54 nəfər gözlədiklərindən 2 dəfə çox (100 m2 və artıq) sahəyə malik mənzillərə sahib olublar. Budurmu ədalətli ev bölgüsü?”, deyə məktubda qeyd edilib.

Daxil olan müraciətdə AMEA-nın indiki rəhbərliyi haqqında ittihamlar da səsləndirilib. AMEA-nın indiki rəhbərliyinin AMEA- nın mərhum prezidenti Mahmud Kərimovun vaxtilə imzaladığı qərarların üstündən xətt çəkdiyi də qeyd olunub.

“AMEA-nın İşlər İdarəsinin müdir müavini Sərdar Əliyevin kütləvi informasiya vasitələrində dərc olunmuş sözlərinə görə, “Evrostroy-S” MMC yeni inşa olunan yaşayış evlərindən AMEA-ya əvəzsiz olaraq ümumi sahəsi 8000 m2 -ə yaxın olan mənzillər ayırmağı öhdəsinə götürüb. Onun sözlərinə görə, bu mənzillərin çox hissəsi ayrılıb, qalanının isə yaxın vaxtlarda ayrılmasına tikinti şirkəti tərəfindən yazılı zəmanət verilib. Bu, bir daha onu sübut edir ki, ilk dəfə tikinti başlanmazdan əvvəl yataqxananın 118 sakini ilə tikinti şirkətinin razılaşdığı 65 m2 (118*65=7670 m2) mənzil sahəsi ayrılıb. Bəs bu halda sual olunur, nə üçün bu mənzil sahələri 65 m2-dan deyil, daha böyük sahə ilə 54 AMEA əməkdaşı arasında qeyri-bərabər bölüşdürülüb?” deyə, daxil olan müraciətdə qeyd olunub.

Paylaş