Qara qızılın “yoxa” çıxan pulları şirkət prezidentini dünyada tanıdıb
1-ci yazı
Azərbaycanda nazir və komitə sədrlərinin vəzifələrdə uzun müddət duruş gətirmələri bəlli faktdır. Bu mənada cəmiyyətdə böyük narazılıqların da olduğunu danmaq olmaz.
Ölkənin gəlirli sahələrinə rəhbərlik edənlərin toxunulmazlığı bir növ yaranmış narazılıqlar fonunda dəyişmir və məmurların özlərinə yaratdığı şərait sanki bir razılaşma əsasında baş verib. Sadə insanların – bu qədər də nazir işləmək olar – kimi suallarının cavabı isə hakimiyyət dairələrində bir cür ifadə olunur- xəyanət yoxdursa olar.
Realliq.info ölkənin ən gəlirli sahəsinə rəhbərlik edən məmurlardan biri haqqında ciddi araşdırmalar aparıb. Həmin araşdırmalar zamanı hamı üçün qaranlıq və açıq olan faktlar aşkara çıxmaqla yaranmış suallara da cavab axtarılıb. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti olan və illərdir bu sahədə böyük gəlir əldə edən Rövnəq Abdullayevin qaranlıq fəaliyyəti və böyük var-dövlət sayəsində ölkədən kənarda sahib olduğu milyonluq obyekt və varidatlar araşdırmaların əsas mövzusudur.
12 illik prezidentliyə gedən yol
Saytın əməkdaşlarının əldə etdiyi faktlara keçməzdən öncə xatırladaq ki, Azərbaycanın əsas gəlir mənbəyi sayılan neftin və neft məhsullarının satışı ilə məşğul olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR)- a uzun illərdir ki, Rövnəq Abdullayev rəhbərklik edir. Onun rəhbəri olduğu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycan ərazisindəki neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, neftin, qazın və qaz kondensatının hasilatı, emalı və nəqli, neft və neft-kimya məhsullarının, qazın daxili və xarici bazarlarda satışı, habelə ölkə ərazisində sənayenin və əhalinin təbii qazla təchizatı ilə məşğul olur. SOCAR-ın tərkibində 3 istehsalat birliyi, 1 neft və 1 qaz emalı zavodu, Dərin Özüllər Zavodu, 2 trest, 1 institut daxil olmaqla hüquqi şəxs statusuna malik 23, qeyri-hüquqi şəxs statusuna malik 4 qurum fəaliyyət göstərir.
Rövnəq İbrahim oğlu Abdullayevin rəsmi sənədlərdə keçdiyi həyat yolu belə qeyd olunur:
Rövnəq Abdullayev 1965-ci il aprelin 3-də Naxçıvan şəhərində anadan olub.
1982-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun “Sənaye və mülki tikinti” fakültəsinə daxil olub. 1983-1985-ci illərdə ordu sıralarında həqiqi hərbi xidmətdə olub. 1985-ci ildə köçürmə yolu ilə V.V. Kuybışev adına Moskva İnşaat Mühəndisləri İnstitutuna göndərilib, 1989-cu ildə həmin institutu bitirərək “Neft Daşları”nda əmək fəaliyyətinə başlayıb.
1990-cı ildən “28 May” NQÇİ-də əsaslı tikinti şöbəsində mühəndis, 1991-ci ildən “Xəzərdənizneftqazinşaat” Trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsinin istehsalat texniki şöbəsinin rəisi, 1994-cü ildə isə həmin idarənin baş mühəndisi vəzifələrində çalışıb. 1997-ci ildən “Xəzərdənizneftqaztikinti”trestinin müdiri vəzifəsində işləyib, 31 mart 2003-cü il tarixdə Heydər Əliyev adına Bakı Neft Emalı zavodunun direktoru vəzifəsinə təyin edilib. 6 noyabr 2005-ci il tarixdə üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. 9 dekabr 2005-ci il tarixdə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti vəzifəsinə təyin edilib.
2004-cü ilin fevralından “Neftçi” Peşəkar Futbol Klubunun prezidenti olmuş, 2008-ci ildən AFFA prezidentidir.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
2005-ci və 2010-cu illərdə keçirilən üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 24 saylı Nizami birinci seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Norveç parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Gürcüstan, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Rövnəq Abdullayevi illərdir “savadsızdır” deyə suçlayanlar az olmadı. Hətta milli məclisə seçkilər ərəfəsində təbliğat- təşviqat kampaniiyasında cümlələr qurmaqda çətinlik çəkən şirkət prezidentinin natiqlik dərəcəsi çox aşağı qiymətləndirilirdi. Lakin cəmiyyətin qınağına çevrilən Rövnəq Abdullayevin media qarşısına çıxmaması onun bu nöqsanını qismən aktuallaşdırmışdı. Jurnalistlərin suallarını cavablandırarkən qurduğu cümlələrdən özü belə baş çıxarmayan şirkət rəhbəri tutduğu vəzifədən getməyi düşünmədi.
Rövnəq Abdullayevin Prezidentin Xüsusi Mühafizə Xidmətinin rəhbəri Bəylər Eyyubovla qohum və yaxın olması onu toxunulmaz fiqura çevirdi. Ölkənin əsas gəlir sahəsini talamaqla böyük var-dövlət sahibinə çevrilən Abdullayev kimsəyə hesabat belə vermir.
Şirkətin mənimsənilən milyonları hesabına ölkənin öndə gedən milyonçusuna çevrilən SOCAR şefi haqqında mediada çox bəhs olunub. Bununla yanaşı dünya mətbuatı da azərbaycanlı Abdullayevin varidatına biganə qalmayıb və silsilə məlumatları ilə yoxa çıxan neft pullarının hara xərcləndiyindən bəhs edib.
Dünyanın bir çox ölkələrində hotellər, şirkətlər, və bu kimi digər gəlir sahələrinin sahibinə çevrilən Rövnəq Abdullayev ölkənin büdcəsini talamaqla özündən bəhs edə bilib…