“Azenko” ASC-nin “İnşaat məmulatları” sexinin fəhlələri tərəfindən Hurriyyet.org-un redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə müraciət edən şikayətçilər yazır:
“Möhtərəm cənab Prezident!
Hörmətli Mehriban Xanım!
Hörmətli cənab Nazir!
Yazıb Sizə bildiririk ki, 2009-2010-cu illərdən “Sumqayıt Texnologiyalar Parkı” MMC-də müxtəlif işlərdə çalışmış, üzərimizə düşən vəzifələri vaxtında və məsuliyyətlə yerinə yetirmişik. Əvvəllər əmək müqaviləmiz hər dəfə 3 aylıq bağlanıb və artırılıb, sonradan isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən, 5 ildən artıq müddətə işlədiyimiz üçün əmək müqaviləmiz müddətsiz hesab edilmişdir. Cari ilin avqust ayında rəhbərlik tərəfindən bizə bildirildi ki, öz xahişimizlə ərizə yazıb işdən ayrılsaq, bizi “Azenko” MMC-də işlə təmin edəcəklər, əks halda bizi işdən çıxaracaqlar. Biz də hüquqlarımızı bilmədiyimizdən bir gündə 20-30 nəfər rəhbərliyin istədiyi kimi ərizə yazdıq. Lakin yeni işlə təmin olunanda bizimlə 3 aylıq əmək müqaviləsi bağladılar, 2 ay keçəndən sonra isə bildirdilər ki, “sizinlə əmək müqaviləsi uzadılmayacaq və müddət bitən kimi işdən azadsınız”. Onda biz başa düşdük ki, bizi aldadıb tələyə salıblar ki, kompensasiya ala bilməyək.
İndi də bizə deyirlər ki, “istəyirsiz məhkəməyə verin, istəyirsiz lap gedin Prezidentin, Birinci vitse-prezidentin qapısında oturun şikayət edin, xeyri yoxdur, ağlınız var idi aldanmazdız”. Belə məlum olur ki, STP rəhbərliyi bizi ələ salır, insanların hüquqlarına, əmək qanunvericiliyinə əhəmiyyət vermir. Ona görə də Sizə şikayət etməkdən başqa çıxış yolumuz qalmayıb. Xahiş edirik, STP rəhbərliyinin bu özbaşına və qanunsuz hərəkətlərinə qarşı tədbir görülməsi, əmək hüquqlarımızın bərpa olunması üçün göstəriş verəsiniz.
Hörmətlə:
Quluyev Qulu
Meybullayev Mahir
Mahmudov Yalçın
Kəlbiyev Yusif
Hacıyev Ramin
Nəcəfov Valeh
Camaldunov Almir
Musayev Ülfət
Mehdiyev İslam
Əliyev Ramin
Cəfərov Fikrət
Babayev Tofiq
Zərbəliyev Fəqan
Əlirzayev Akif
Ağayev Rüfət
İsrafilov İsrafil
Əsədov Faiq
Rəsulov Emin
Tarverdiyev Elşad
Nağıyev Vüqar
Məmmədov Əli
Nəzərov Çiqəli
Zeynalov Rəşad”.