Xaçmazın sabiq icra başçısı Şəmsəddin Xanbabayev haqqında deyilən korrupsiya faktlarını elə ağızdolusu təkzib etdi ki, insan sadəcə utanır. Onsuz da yerli əhali dediklərinə inanmadı. Nə olsun ki? Qos-qocaman sabiq başçı YAP-ın Xaçmaz təşkilatının sədri də seçilib. İndi başı yeni kabinetində sanitar qovşaq quraşdırtmağa qarışıb. Diqqəti özündən yayındırmaq üçün Dərbənddə büstlə əlləşir. Ona kim nə deyə bilər ki? Amma yanılır, hələ deyiləcək söz çoxdur. 520 kart məsələsinin təkzibindən sonra Dağıstan poliklinikalarında təzyiqini stabilləşdirməklə məşğul olan Şəmsəddin Xanbabayevə bir az daha adrenalin verək. Beləliklə növbəti kart qalmaqalı. Bu dəfə keçmiş sirlərin üstü açılır.
Söhbət başlıqdan da göründüyü kimi “TƏMƏL-S” MMC adlı korrupsiya yuvasından gedəcək. Bu şirkət kimə və nəyə, necə “xidmət” edib oxucular üçün aydınlaşdırmağa çalışacağam. Zatən Xaçmazın işsiz, yoxsul və bir də bu şirkətdə barmağı olan məmur təbəqəsi bütün olanları bilir.
“TƏMƏL-S” MMC-nin yaranma tarixi haqqında dəqiq məlumatım yoxdur, heç ola da bilməz. Çünki uzun müddətdir adını dəyişərək xidmət göstərən MMC hər ilin sonunda fəaliyyətini dayandırır və növbəti ilin yanvarında bərpa edir. Şirkətin direktoru rəsmi sənədlərdə Əli Əhmədxan oğlu Səmədovdur. Ancaq danışacağım korrpusiya faktlarında bəlkə də Əli binəvanın yerli-dibli suçu yoxdur. Ölkə prezidenti cənab İlham Əliyevin Xaçmaz rayonuna ayırdığı vəsaitləri həzmi-rabedən keçirmək üçün yaradılan bu MMC-nin şirkətdə fəhlə kimi adı gedən direktoru bəlkə də işlərin gedişindən bixəbərdir. Bəs kimdir hər şeyin başında duran? Camaatı uzun illərdir barmağına dolayan, insanların haqqına girən, heç bir dövlət qurumu saymayan, milyoner-fəhlə, Xaçmazın fəxri vətəndaşı Ələddin Qasımov. Yerli camaat onu salyanlı və ya parkbəyi Ələddin olaraq tanıyır. Park-zoopark yaratmaq işinin ustasıdır. Onun ərsəyə gətirdiyi və Xaçmazı bəzəyən mənasız quş, bayquş, dəvə, meymun, şir, eramızdan əvvəl yaşamış kentavr heykəllərinə nə qədər pul silindiyini bir özü, bir də Sahibül-mülk bilir. Şəmsəddin Xanbabayevin sağ əli və eyni zamanda “mədəsi” sayılan bu tenderbaz korrupsiyanın və pulların silinməsinin mərkəzində duran əsas adamdır. “TƏMƏL-S” adlı şirkətin idarəedicisi və əslində sahibidir. Ələddinin qəhrəmanlıqlarını və Xaçmazdakı mal-mülkünü saymaqla bitməz. Amma mən bir cəhd edim: Heydər Əliyev prospektindəki mebel salonu, icra hakimiyyəti ilə üzbəüz bina, N. Nərimanov prokspektində ikimərtəbəli obyekt, Xaçmazdakı beşmərtəbələrdə üç mənzil, çox saylı torpaq sahələri, satılmaq üçün nəzərdə tutulmuş hazır evlər, 9 nömrəli məktəbin yaxınlığında tikilməkdə olan villa və sair… Nəzərinizə çatdırım ki, milli mentalitetimizə və dədə-baba qaydalarımıza “dərin hörmət” bəsləyən Ələddin Qasımov yerlibazlığı da unutmur. Xaçmazda bütün əhali “iş-güc sahibi” olduğuna görə, gözəl diyar Salyan şəhərindən və Bakıdan oğlu da daxil olmaqla nə qədər qohum-əqrəbası varsa, yığır Xaçmaza. Bəzilərini əmək müqaviləsi ilə işə götürür ki, staj yazılsın, bəzilərini isə adı işdə gedən özü olmayan “ölü can” xaçmazlıların pulu ilə dolandırır. Ələddin istisna olmaqla Salyan əhlinin xoş halalı, ana südü kimi, qoy onlar da dolansınlar. “TƏMƏL-S”-in salyanlıları haqqında siyahını da əlavə edəcəyəm. Amma istəyirəm ki, bəzi məqamlara diqqət çəkərək insanların və heç nədən xəbəri olmadığını deyən sabiq başçının üzərinə su çiləyim. Yazacaqlarım haqqında kiçik amma böyük məna daşıyan faktları da məqalənin altında oxuculara təqdim edəcəyəm.
2016-cı il sentyabrın 9-da Prezident İlham Əliyev “Xaçmaz şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Bununla əlaqədar prezidentin ehtiyat fondundan Xaçmaz rayon icra hakimiyyətinə 3 milyon manat ayrılıb. Bu xəbəri eşidən Şəmsəddin Xanbabayevin çiçəyi çırtlayır. İndi yazacağım məsələnin həqiqi olub-olmadığını deyə bilmərəm. Amma bankdan etibarlı mənbənin bildirdiyinə görə, pul mübarək qədəmlərini Xaçmaza qoyan kimi sənədsiz-filansız yarım milyonu nağdlaşdırılır. Sonra keçilir əsas məsələyə. Xaçmaz RİH-in Korrupsiya Məşvərət Şurası cənab prezidentin gözünə kül üfürüb pulların dalına keçmək qərarı verir. Sənədləşmə işləri Xaçmaz mühasibləri arasında var-dövlətinə və nüfuzuna, Şəmsəddin Xanbabayev kimi “day-day”ına görə “dəmir pul silən ledi” ləqəbi qazanmış Xaçmaz RİH-in baş mühasibi Şamama Məmmədovaya tapşırılır. İş onların öz dili ilə desək “qanuna mindirilir”. Tender elan olnur və təbii ki, Ələddin Qasımovun “rəhbərlik” etdiyi “TƏMƏL-S” qalib gəlir. Tenderin məbləği də nə az, nə çox 1 229 823,00 manat idi(şəkildə göstərilib). 2017-ci ildə tenderi sözün həqiqi mənasında “udan” Ələddin Xaçmazda binalara kosmetik əl gəzdirir ki, işdi-şayət cənab prezident Xaçmazla maraqlansa bəh-bəhlə desinlər ki, budur, baxın möhtərəm prezident, Xaçmazı gözəlləşdirmişik. Cüzi məbləğlə üzü N. Nərimanov prospektinə baxan binalara “əl-gəzdirən” “çırağın sahibi” qalan pulları çevirir əmək haqqına ki, bu işlərdə “fədakarlıq edən” 250 nəfərlik(?) “komandasına” zəhmətinin qarşılığını versin. Amma necə? Sahibi və ağası Şəmsəddin Xanbabayevin uşaq dili ilə desək “çoxlu-çoxlu” kartlara həvəsinin olduğunu bildiyinə görə girişir yenə kart əməliyyatlarına. Bu sistem də 520 kart skandalından fərqli deyil. Sadəcə “DOST İş Mərkəzi” MMC ortada yoxdur. Bir sual da meydana çıxır: Axı qüdrətli “heykəlquştaraş” və bütün Xaçmazı tikən Ələddin təkbaşına bütün bunları edə bilməzdi? Meydana yeni isim atılır, köməyə Şövkət xanım gəlir. Bu xanım o kəsdir ki, “TƏMƏL-S”-in rəsmi sənədlərdə sahibi olan Əli Səmədovu arxasınca idarələrə sürüyərək ona sənəd imzaladırdı. MMC-nin mühasibi, çirkli əməliyyatların aparılmasında iştirak edən bu qadın hal-hazırda Ş. Xanbabayevin(xalq arasında “Şəmipetrol” kimi tanınan) sahibi olduğu “Grand oil” yanacaq doldurma məntəqəsinin mühasibat-uçot işlərini aparır(Bu barədə daha sonra qısa məqalə olacaq).
Şövkət xanım tapşırıq üzrə Ələddinin əhatəsinə yığdığı və içində başqa rayon sakinlərinin də olduğu şəxslərin siyahısını tərtib edir və üz tutur məşğulluq mərkəzinə. Mərkəzə vəd edir ki, sizin üçün 250 işədüzəltmə planı dolduracam amma gərək mənim siyahımdakı adamları qeydiyyata alasınız və göndəriş verəsiniz. Məşğulluq Mərkəzi də ağına-bozuna baxmadan(belə deyəndə yaşayış yeri haqqında arayış nəzərdə tutulur), adamların üzünü görmədən, imzasını atdırmadan, sadəcə şəxsiyyət vəsiqəsinin surətini alaraq qeydiyyat vərəqi açır və hamıya göndəriş verir. Bu işin qanunsuz yerinə yetirilməsinin əmri məşğulluq mərkəzinə bilavasitə sabiq başçı tərəfindən verilir. İşin bəh-bəhi bundan sonra başlayır. 250 adam əmək müqaviləsi ilə işə götürülür, adlarına əmək haqqı kart açılır və hər karta ortalama 250-300 manat pul yüklənir. Deyilənə görə, bu kartların da təxminən 150-si cənab sabiq başçıya çatır. Bəlkə də bu söhbət açılmazdı və hər şey üstüörtülü qalardı. Amma tamahın qurbanına çevrilmək pis şeydir. Kartlara yüklənən vəsaitlərdən əlavə yerdə qalan tender pulları da Ələddinin inşaat obyektlərində xırıd edilir. Ələddin pulun azlığından şikayətlənərək Şövkət xanıma nəsə bir yol fikirləşməyi tapşırır. Binəva, əmir qulu mühasib də son çarəni vergi və DSMF ödənişlərini azaltmaqda görür. Ələddin də ağasına arxalanaraq bu işə qol qoyur. 2018-ci ilin mart ayında Vergilər nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsi məsələdən duyuq düşərək “TƏMƏL-S”-in səyyar yoxlanılması barədə 1800037001142709 saylı qərar çıxarır və şirkətə sənədlərin təqdim edilməsi barədə 1800037003142731 saylı tələbnamə göndərir. 2015-2018-ci il dövriyyəsi üzrə yoxlama vergi müfəttişi Qaçabəyov Vahid Heybətulla oğluna tapşırılır.Yoxlama üzrə məsul şəxsin cəhdlərinə baxmayaraq Ələddin Qasımov bunların heç birinə məhəl qoymur və MMC-nin sənədlərini müfəttişə vermir. Qısası, sonda iş məhkəməyə çıxır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi 3 saylı Ərazi Vergilər İdarəsinin “Təməl-S” MMC-yə qarşı iddiasını təmin edir. Məhkəməyə gəlməyi belə özünə sığışdırmayan Ələddin Qasımov Şəmsəddin Xanbabayevə arxaqlanaraq yenə də verghi qurumuna tabe olmur. Bununla belə 2018-ci ilin axırlarında “TƏMƏL-S” MMC-ni “ÖZÜL-M” MMC ilə əvəzləyir. Sonralar proses dəyişir, bu MMC-lər ləğv edilir. İcra hakimiyyətinin nəzdində mənzil kommunal təsərrüfat birliyi(MKTB) yaradılaraq yaşıllaşdırma və parklar işıqlandırma idarəsi burada birləşdirilir. Nəhayət 2019-cu ildə “ÖZÜL-M”-in işçiləri də MKTB-yə cəlb edilir. Ələddin başda olmaqla dəstəsi də bura transfer olunurlar. Korrupsioner-fəhlə və oğlu yoxsul kimi qeydə alınırlar. Hərəyə bir kart düşür. Yəni mahiyyətcə eyni, amma yeni “ölü canlar” kompaniyasına qoşulurlar. Vergilər Nazirliyi isə susur. Daxil olan məlumatlara görə, Şəmsəddin Xanbabayev vəzifəsindən azad edilən kimi 3 saylı Ərazi Vergilər İdarəsi qara bulud kimi cini çıraqdan qaçmış Ələddinin başının üstünü alır. Dövlətə olan borcları və cəriməsi ilə birlikdə 80 000 manata yaxın vəsaiti onun boğazından çıxarırlar. Xeyli insanın haqqını yeyən, yetimin malına göz dikən, Xaçmazda min bir hoqqadan çıxan, Allaha deyil,(əstağfirullah) çıraqdakı “cinə” inanan Ələddin Qasımovun vəziyyəti ağırdır. Deyəsən, o, islahatçı başçı Elnur Rzayevə yarına bilmir…
Bəli, indi xaçmazlıları bir sual düşündürür: Görəsən, yeni başçı Ələddinin çıraqlarını söndürə biləcək, ya yox? Axı “cin” (MİKRO)RAYONDADIR!
Yazıda adları çəkilən bütün tərəfləri dinləməyə hazırıq…
“Şimal xəbərləri”