Məlumata görə Sumqayıt Tibb Kolleci ötən ay üç lot üzrə tender elan edib. Bütün hallarda qalib şirkət isə “VİP KONTAKT” MMC olub. Birinci tender 18.10.2019-cu il tarixdə abadlaşma ilə bağlı olub. Bu müqavilə ilə Sumqayıt Tibb Kolleci “VİP KONTAKT” MMC-nə 24985 manat vəsait ödəyib. 23.10.2019-cu il tarixdə isə “VİP KONTAKT” MMC bu Kollecin iki tenderinin qalibi olub-Cari təmir və Kommunikasiya xidmətləri. Birinci ilə bağlı 29470 manat, ikinci ilə bağlı isə 18255 manat “VİP KONTAKT” MMC-nə ödənilir… Olsun, ilk baxışdan qeyri-adi bir nəsnə görünməyə də bilər.
Nizamnamə kapitalı 2 manat olan şirkətə dövlət vəsaiti belə etibar olunub
Bu istiqamətdə yenixeber.org-a daxil olmuş məlumatlarla bağlı müəyyən araşdırmalara cəhd etdik. Araşdırmalarımızla məlum oldu ki, bir təhsil müəssisəsinin bir ayda üç (Bəlkə də çox. Red.) tenderinin qalibi olan “VİP KONTAKT” MMC-nin nizamnamə kapitalı 2-cə manat imiş. Bakı ş. Məmmədəli Şərifli ev 4, m.57 ünvanda 20 fevral 2019-cu il tarixdə qeydiyyatdan keçmiş şirkətin qanuni təmsilçisi İsmayılov Zakir Şakir oğludur.
“VİP KONTAKT” MMC ilə bağlı əlavə heç bir məlumat əldə edə bilmədik. Fəaliyyətə başladığı qısa müddətdə 2 manatlıq nizamnamə kapitalı ilə belə uğurlara imza atan bir şirkətin heç bir əlaqə vasitəsinə rast olunmadıq(?) Görününr adının açması “Xüsusi əhəmiyyətli toxunma” kimi ifadə olunan “VİP KONTAKT”-ın ya xüsusi statusu var, ya da “dərəni xəlvət bilir”.
Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanununda da göstərildiyi kimi, müsabiqənin qalibi olan şirkətin bir sıra standartlara uyğunluğu vacibdir. Bu sırada Tenderin qalibi olan şirkətin analoji işlərdə təcrübəsi, iddiaçının potensial, texniki və kadr imkanları, qalib olduğu müddətə qədər son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı, son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti haqqında müvafiq bank arayışı və müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları kimi şərtlər sadalanır…
Sözügedən qanunda da nəzərdə tutulduğu kimi, Tender Komissiyasını yaratmaqdan tutmuş saysız səlahiyyət və öhdəliklərə malik tərəf kimi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecinə online sorğu ünvanladıq. Ötən ayın 21-də ünvanladığımız sorğuya bu günədək cavab ala bilmədik. Kollecin direktoru hörmətli Rəfayıl Eyvazov sorğumuza cavab verəcəyinə söz versə də, nəticə olmadı(?)
Söhbət dövlət vəsaitinin taleyindən gedir. Hansı ki, son zamanlar cənab dövlət başçısı da bu istiqamətdə narahatlığını açıq şəkildə bildirib. Sitat: “…Beləliklə, əminəm ki, biz eyni həcmdə olan işi az vəsaitlə icra edə bilərik. Buna nail olmaq üçün, ilk növbədə, şəffaflıq, dövlət nəzarəti və ictimai nəzarət olmalıdır. Bütün dövlət qurumlarına deyirəm, yoxsa onlar pis öyrəşiblər. Hər ilin sonunda büdcə müzakirə olunarkən, sifarişlər göndərirlər. Özü də orada şişirdilmiş rəqəmlər öz əksini tapır, havadan götürülmüş rəqəmlər. Onlardan soruşanda ki, misal üçün bənd tikmək, yol çəkmək, kabel çəkmək bu qədər vəsait barədə rəqəmi haradan götürürsən!? Havadan. Sonra araşdırma aparılır, görünür ki, şişirdiblər. Nəyə görə şişirdiblər? Aydın məsələdir nəyə görə. Buna da son qoyulmalıdır. Ona görə Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, – bunu təkcə onların boynuna atmaq olmaz, – hökumət də nəzarətçi kimi şişirdilmiş bütün o rəqəmləri təhlil etsinlər və real rəqəmləri müəyyənləşdirsinlər. O rəqəmləri verənlər gərək məsuliyyət daşısınlar”.
Müxtəlif ekspert və millət vəkilləri də bu mövzuda mütəmadi çıxış edib, problemin ciddiliyindən danışırlar…
Ümüd edək ki, hörmətli Rəfayıl Eyvazov gec də olsa sorğumuzu cavabsız qoymayacaq…
yenixeber.org