Ərazi «lift-xidmət idarəsi»nə nə qədər zəng vursaq da, telefonu qaldıran olmadı, «idarə»də isə bir insan balası tapmadıq ki, probemimizi danışaq – dərdimizə əlac istəyək. Bu sətirləri yazarkən, xəcalət təri tökdüm – lap «utanıb yerə girdim»! Hökumətin sahəyə məsul üzvlərinin isə utanan üzü yox imiş – sanki dərisinin («gön» də demək olar) qalınlığı 20-30 santimetrdir!
Qonşulardan biri «BakLiftTəmir» baş idarəsinə zəng vurdu, cavab verdilər ki, liftiniz sabah təmir olunacaq. Bildinizmi, tam bir gündən sonra! Sanki bu idarənin nə dispetçer xidməti, nə də qəza-təmir xidməti yoxdur. Amma təkcə ərazi-xidmət bölməsinin ştat cədvəlinə nəzər salsaq, filan qədər «əmək haqqı» alan yüzlərlə «ölü canlar»ı görərik. Beləliklə, bir müddət əvvəl «BakLiftTəmir» baş idarəsinin rəisi Qüdrət Şükürov (əvvəlki yazılarımda mən onu «Şükür» adlandırmışdım) «fəxri təqaüd»ə göndərilsə və onun yerinə (yatağına yox, haaa!) Xalid adlı birisini (bundan sonra mən onu «Xalis» adlandıracam, məsələn, xalis YAPist!) «uzatsalar» da, paytaxtın lift təsərrüfatında müsbətə doğru heç nə dəyişmədi…
Bir neçə gün bundan əvvəl Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkə əhalisinə maraqlı bir ismarış ünvanlayıb: «Görsəniz ki, əyri yola gedirlər, mənə xəbər göndərin…» Çox gözəl, Prezidentin bu ismarışından müvafiq nəticə çıxararaq, elə bu tribunadan çağırış edirəm: Cənab Prezident, Sizi və bizi aldadırlar – Bakının lift təsərrüfatının rəhbərləri Sizə yalan məlumatlar verirlər – bu təsərrüfat bərbad hala gəlib, özü də məhz baxımsızlıq-xidmətsizlik səbəbilə! Bildiyimiz qədərində, Siz cari ilin may ayında «BakLiftTəmir» idarəsinə 40 milyon manat vəsait ayırmısınız. İndi bu cənablardan soruşmaq gərəkdir: cənablar, 40 milyonu neylədiniz ki, liftlərimiz «adəti üzrə» yenə də işləmir?!
Bunca acınacaqlı vəziyyətin fonunda bu cənablar yenə də öz naqis əməllərindən əl çəkmirlər və belə təsəvvür formalaşdırmağa çalışırlar ki, paytaxtın bütün liftləri köhnəlib, yararsız hala gəldiyi üçün, onları təzəsi ilə əvəzləmək lazımdır. Əsla, belə deyil və istismar müddəti hələ ötməmiş liftlər də baxımsızlıq-xidmətsizlik səbəbilə, işlək vəziyyətdə deyillər. Amma yüngülvari vəsait qoymaqla, onların bir çoxunu işlək vəziyyətdə saxlamaq olar – fəqət, bunu etmək istəmirlər. Nədən ki, xırda təmirdən əldə edə biləcəkləri «xırda navar» onları qane etmir – qaz vurub, qazan doldurmaq istəyirlər…
Vaxtında Bakının lift təsərrüfatının cari təmirinə diqqət yetirilsə idi, indi bu sahə «götürüm düşməzdi». Nə yazıq ki, Bakının «qradonaçalniki», professor Hacıbala Abutalıbov başqa «mühüm» işlərlə məşğul idi. Məsələn, hər ilin may ayında bu professor «gül bayramı» keçirir və bu ad altında milyonlarla manat dövlət vəsaitini «havaya sovururdu». İndi düşünürəm – həmin milyonların hesabına Bakıda nə qədər lifti əsaslı təmir etmək, neçəsini isə yenisi ilə əvəzləmək olardı?!
Başqa bir misal. Bir neçə il bundan qabaq Azərbaycanda bir idman yarışı keçirildi – 1-ci Avropa oyunları. Ölkə KİV-nin yazdıqlarına inansaq, bu tədbirin təkcə açılış mərasiminin təşkilinə 100 milyon dollar dövlət vəsaiti xərcləndi, cəmisi isə bu tədbirə 8 milyard vəsait xərcləndiyi bildirildi. Axı, liftləri işləməyən, suyu gəlməyən, küçələri işıqlandırılmayan, yolları bərbad halda olan… bir ölkənin bu qədər vəsaiti «Avropanın ayaqları altına səpələmək harasına yaraşırdı?!» Həmin pulların hesabına Bakının neçə liftini təzələmək, neçəsini əsaslı təmir etmək olardı? Bu sualı da Hacıbala ilə bərabər, sabiq Baş nazir Artur Rəsizadəyə və idman naziri Azad Rəhimova ünvanlamaq lazımdır…
Ötən dövrdə Bakı şəhərinin «lift azarı» barədə çeşidli məqalələr yazmışam – tarix üçün. Nədən ki, YAP hökuməti belə şeyləri eyninə də almır, necə deyərlər, «buğda yeyib – cənnətdən çıxıb». Sonuncu məqaləmdə «sözlə dediklərimi, sazla da demişdim»:
Əlbir olub Artur, «Şükür», Hacıbala,
Çeynədilər «tros»ları, liftləri, haram ola!
İndi Artur gedib – Əli gəlib. «Şükür» gedib – «Xalis» gəlib, Hacıbala gedib – «Əziz» gəlib… Nə yazıq ki, istiqamət üzrə heç nə dəyişməyib.
Bu yerdə, yuxudan dik atıldım və xatırladım ki, ərazi lift-xidmət bölməsinin əməkdaşına 50 manat borcumuz qalıb, onu düzəldib vermək lazımdır. Liftimizin «motor»u yanmışdı, sarıtmaq üçün sakinlərdən 150 manat tələb etdilər. Cibimizdən 100 manat düzəldib verdik – sakinlərin bir qismi pul vermədi. İndi hökumətə üz tutub, təvəqqe edirəm: Əli müəllim, 50 manat göndərin, lift idarəsinə verək ki, liftimizi işlək vəziyyətdə saxlasın, yoxsa işimiz «qullabi» olar. Nəzərə alın ki, 9-cu mərtəbəyə piyada qalxmaq heç də ürəkaçan praktika deyil.azpolitika.az