Mətbuata aidiyyatı olmayan müəlliməyə jurnalistlər binasından mənzil verilib
Ədliyyə Nazirliyinin yenicə qeydiyyata aldığı Yeni Zaman Partiyasının sədri Musa Ağayevlə bağlı, ictimai maraq kəsb edəcək və daha çox jurnalist marağına səbəb ola biləcək yeni xəbər var. Bu xəbəri jurnalist Samir Feyruzov özünün Facebook səhifəsində paylaşıb. Həmin məlumatında tanınmış jurnalist apardığı araşdırmalar nəticəsində ilginc faktlar ortaya çıxardığını bildirir. Qeyd edir ki, əldə etdiyi faktları tam dəqiqləşdirmək üçün apardığı araşdırmalardan sonra, Musa Ağayevin partiya sədri olmaqla bərabər, həm də “Novoye Vremya” qəzetinin təsisçisi olduğu məlum olub: “Amma Musa Ağayevlə bağlı ilginc bir informasiya əldə etdim. Belə ki, jurnalistlər üçün tikilmiş ikinci binadan 2017-ci ildə mənzil almış Nailə Şahvələd qızı Nağıyeva Musa Ağayevin həyat yoldaşıdır. Amma məsələ bunda da deyil.

Nailə Nağıyeva 194 №-li orta məktəbdə astronomiya, fizika müəlliməsi işləyir. Yəni, jurnalistlər binasından fizika müəlliməsi mənzil alıb. “Alıb…”.
Nailə xanım 1975-ci il təvəllüdlüdür (13.10.1975), 2006-cı il dekabrın 1-dən isə, bu günə qədər 194 №-li məktəbdə müəllimə işləyir. Ən dəhşətlisi isə budur ki, Nailə Nağıyeva bircə gün belə “Novoye Vremya” qəzetinin redaksiyasına gəlməyib. “Google”-da axtarış zamanı isə, Nailə Nağıyevanın imzası olan bircə yazı belə tapılmadı”.
Bu ilginc faktı ortaya çıxardığı üçün, həmkarımıza “əhsən!’ düşür. Çünki jurnalist binalarındakı bir çox mənzillərin mətbuata aidiyyatı olmayanlara verilməsi barədə, araz.az saytının redaksiyasına da sensasion məlumatlar daxil olub. Bu səbəbdən, bu məlumatdakı faktların qeyri-dəqiqliyinə, zərrə qədər də olsa, şübhəmiz qalmır. Tezliklə, biz də, əlimizdə olan həmin faktların dərcini planlaşdırırıq.
Sonda onu da bildiririk ki, araz.az saytı olaraq, bu məlumatda adı hallanan qarşı tərəfin cavab haqqını da tanıyırıq.

Paylaş