İyulun 27-i saat 02 radələrində Bərdə rayonu, Dəymədağıldı kənd sakini 1986-cı il təvəllüdlü Elçin Mehdiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Bərdə Rayon Prokurorluğundan məlumat verilib.
Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin həmkəndlisi 1991-ci il təvəllüdlü Asəf Cabbarovun yaşadığı evin həyətində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı dəmir küt alət və bıçaqla Elçin Mehdiyevin bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Asəf Cabbarov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.