Bakıda şəhid ailəsini aldadaraq onlara mənzil veriləcəyini vəd edib şəhidin “qan pulu”nu mənimsəyən qohumuna hökm oxunub.

Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə zərərçəkmiş Azad Rzayev əmisi oğlu Mahir Rzayevin onlara şəhid ailələri üçün yeni tikilən binadan mənzil almaq üçün 10 000 manat lazım olduğunu bildirib:

“1995-ci ildə Birinci Qarabağ müharibəsində şəhid olan qardaşım Cəmil Rzayevin adına 2018-ci ildə dövlət tərəfindən 11 000 manat pul ödənilib. Mahir də evimizə gəlib şəhid ailələri üçün yeni tikilən binadan ev ala biləcəyini, lakin “şirinlik” üçün 10 000 manat lazım olduğunu dedi. Sonra Mahirlə telefonla danışanda narahatlığa heç bir səbəb olmadığını, 28 may 2019-cu ildə binanın açılışının olacağını dedi. Növbəti günlərdə sənədləşmənin nə yerdə olduğunu öyrənmək üçün zəng etdim, amma cavab vermədi. Sonuncu dəfə Naxçıvanda işləri olduğunu və Bakıya gələ bilmədiyini deyib əlaqəni kəsdi. Mahir şəhidin “qan pulu”na göz tikib mənimsədiyi üçün ona ən ağır cəzanın verilməsini xahiş edirəm”.

Mahir Rzayev ifadəsində deyib ki, şəhid ailələri üçün Bakıda yaşayış binasının inşa edilib-edilməməsindən xəbəri olmayıb:

“Azadgilə “qan pulu” verildiyindən xəbərim var idi. Onlarda pul olduğunu öyrəndim, həmin vaxt da özümün pula ehtiyacım vardı. Fikirləşdim ki, Azadı aldadıb pulu ələ keçirə bilərəm. Ona zəng edib yalandan dedim ki, şəhid ailələri üçün Bakı şəhəri ərazisində inşa edilmiş yaşayış binasından mənzillər verilir. Tanışlarımın olduğunu və həmin tanışlar vasitəsilə onlara tam təmirli 3 otaqlı mənzil ala biləcəyimi dedim. Pulu onlardan aldıqdan sonra binadan mənzil alınmasında köməklik göstərməsi üçün hər hansı bir şəxsə müraciət etməmişəm, bu işdə kömək edə biləcək tanışım da olmayıb. Pulu şəxsi ehtiyaclarıma xərcləmişəm və hazırda məbləği ödəməyə imkanım yoxdur”.

Mahir Rzayev Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Paylaş