Rüşvət verənlə rüşvət alanın cəzası nədir?
– Rüşvətvermə və rüşvətalma ictimai təhlükəli cinayət hesab olunur. Konkret desək, rüşvətalma passiv püşvətxorluq sayılır və Cinayət Məcəlləsinin 311-ci maddəsiylə cəzalandırlır. Rüşvətvermə isə aktiv rüşvətzxorluq hesab olunur və ona qarşı CM-in 312-ci maddəsində tutulmuş cəzalar tətbiq edilir. Qanunvericilikdə rüşvətalmanın halları da nəzərdə tutulub. Yüngül halda rüşvət alanı 4 ildən 8 ilədək, orta halda 5 ildən 10 ilədək, daha ağır halda 8 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulur. Rüşvətalana 12 ildən çox cəza yoxdur. Bu əməl təkrar, qrup şəklində, hədə-qorxu gəlməklə törədilsə də…
– Rüşvətverəni hansı çəza gözləyə bilər?
– Rüşvətverəni daha yüngül cəza gözləyir. Adi halda 2 ildən 5 ilədək, ağırlaşdırıcı hallarda 4 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulur. Qanunlar rüşvətverən üçün üçüncü hal da müəyyənləşdirib: rüşvətverən bu əməli barədə hüquq-mühafizə orqanlarına vaxtında, həm də könüllü məlumat verərsə, cəzadan azaddır.
– Bəs qanunlara görə, kim rüşvətxor sayılır?
– Həm rüşvətverəni, həm də rüşvətalanı əhatə edən əməlin adına rüşvətxorluq deyilir. Azərbaycanda Cinayət Məcəlləsinin 311-ci maddəsi öz sosial mahiyyətini itirib. Bu gün hər hansı işin həllinə mütləq rüşvət verilir və alınır. Yəni rüşvət vermək və almaq cəmiyyətdə sosial normaya çevrilib. Məhkəmələrdən tutmuş prokurorluqlara, polisə, məktəbə, bağçaya və s.-dək hər yerdə rüşvət verilir və alınır. Sanki hamı bir-birinin yanında başıaşağıdır, heç kəs başını qaldırıb deyə bilməz ki, mən rüşvət almıram.
– “Külli miqdarda rüşvət” məsələsini qanunvericilik necə yozur?
– Vəzifəli şəxsə qanunsuz verilən 10 manat da rüşvət sayılır.
– Rüşvəti verənlə alan tərəflərin aktiv və passivliyi necə əsaslandırılır?
– Düzü, bu, hüquqşünasları da düşündürür. Çünki heç yerdə izahı yoxdur. Əvvəlki Cinayət Məcəlləsində rüşvətalmanın, yaxud rüşvətvermənin passiv, yaxud aktiv olması məsələsi müəyyənləşdirilməmişdi. Sonuncu dəyişikliklərdə nədənsə rüşvətalmanı – passiv, rüşvətverməni isə aktiv rüşvətxorluq kimi göstəriblər. Mən bunu belə anlayıram ki, yəqin qanunvercilik “rüşvətverən olmasa rüşvətalan da olmaz” məntiqinə əsaslanır.
– Bəs həyatın özü bizi hansı ziddiyyətlərlə üzləşdirir?
– Qanunvericilik bir tərəfdən rüşvətalmanı cinayət sayır və cəza nəzərdə tutur. Amma rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxs məhkəmə önünə çıxarılarkən onun özündən rüşvət alınır və vəzifəli şəxs, beləcə, yüngül cəza ilə canını qurtarır. Ziddiyyət odur ki, məhkəmədə həmin vəzifəli şəxs özü də rüşvətverənə çevrilir, çünki artıq ondan rüşvət alan tərəf var. Hakim, yaxud prokuror da vəzifəli şəxslərdir və vəzifəli şəxsin kiminsə maraqlarını təmin etmək üçün aldığı qanunsuz pullara rüşvət deyilir. Bu, bir sistemdir. Bəla da ondadır ki, bu, adi hal kimi qəbul olunub.
– Çıxış yolu nədir?
– Rüşvətxotluğun qarşısının alınması üçün dövlət iradəsinə ehtiyac var. Gürcüstan rüşvətin geniş alınıb-verildiyi bir ölkə idi. Keçmiş prezident Saakaşviliyə sual vermişdilər ki, siz ölkədə rüşvətin kökünü necə kəsdiniz? Cavadı qısa, sadə olmuşdu: “Rüşvət almadım, məmurlarım da mənə baxıb almadılar”…