Daha bir təhsil müəssisəsi rüşvət qalmaqalı ilə gündəmə gəlib. Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində müəllimin tələbədən rüşvət istəməsi ilə bağlı səs yazısı yayılıb.
Korrupsiya.az xəbər verir ki, Yenisabah.az-a daxil olan audiofaylda imtahan zamanı müəllimlərin tələbədən rüşvət istəməyindən bəhs olunur.
Audiofaylı redaksiyamıza təqdim edən şəxsin sözlərinə görə, hadisə Pərvin adlı müəllimin imtahan götürdüyü auditoriyada baş verib. Söhbətdə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin qiyabi şöbəsinin müdiri Güllübəyim adlı müəllim də iştirak edib.
Səs yazısından aydın olur ki, tələbələrdən biri 2 ay dərs buraxıb. Qaiblərının silinməsinin və qiymətlərin yazılması müqabilində ondan 700 manat rüşvət tələb olunub. Tələbə isə atasının xəstə olduğunu, bu vəsaiti ödəməyə gücünün çatmadığını deyərək, 300-400 manatla problemi həll etməyə çalışıb.
Bu vaxt söhbətə kollecin qiyabi şöbəsinin müdiri Güllübəyim müəllim qarışıb. O, Şahinin (Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktor əvəzi – red.) bu məbləğlə razılaşıb-razılaşmayacağına əmin olmadığını deyir. Nəhayət, müəllimlər tələbəyə atası ilə danışıb gücü çatan məbləği gətirməyi məsləhət görürlər.
Sözügedən səs yazısını təqdim edirik: