Bir çox restoranlar müştərilərə müxtəlif setlər təklif edir. Bu setlərin daxilinə menyuda olan bir çox təamlar əlavə olunur, amma hesablayanda, menyudan ucuz qiymətə gəlir. Müştərilər setlərin daha sərfəli olduğunu düşünürlər və buna görə də həmin restoranlara üz tuturlar. Bu zaman sual da yaranır ki, bu cür ucuz satırsa, restoran nə qazanır?
Süfrə mədəniyyəti üzrə ekspert və restorator Mahir Əhmədzadə bunun bir neçə səbəbi olduğunu vuğulayıb:
“Birinci səbəbi mətbəxin məhsulunun realizasiya olunmasıdır, çünki, məhsulun müddəti keçdikdən sonra həmin məhsulu istifadə etmək olmur və vaxtında satılması lazımdır. İkinci məsələ reklam xarakterlidir. Yəni, müştərilərin restoranlara gəlməsini təmin etməkdir. Məsələn, restoranlarda səhər yeməyinə gələn müştəri başqa vaxt da həmin restorana nahara, şam yeməyinə, banket və s. gələ bilər. Biri var normal qiymətə set, biri də var çox ucuz. Adətən böyük endirimli setlər təklif edən restoranların əksəriyyəti ucuz reklama gedirlər. Məncə, restoran elə fəaliyyət göstərməlidir ki, qonaqlar ora setlərə görə yox, həmişə gəlməyi seçsinlər. Təbii ki, bu konseptdən və müştəri əhatəsindən asılıdır”.
M.Əhmədzadə bu setlərdə qazancın az olmasından və bəzi restoranların müştəriləri aldatmasından da danışıb:
“Bu setlərdə qazanc çox azdır. Əgər bura müştəri axını kütləvi şəkildə deyilsə, setlər çox az qazanc gətirir. Bəzi məkanlar isə bu setləri təqdim etməklə müştəriləri aldadırlar. Məsələn, menyuda 180 qram çəkisi nəzərdə tutulan məhsulun çəkisini azaldaraq setə daxil edirlər. Bu kimi mövzuların baş verməməsi, şəffaflığı təmin etmək üçün Nazirlər Kabinetinin qərarı var. Restoran satış etdiyi məhsulun çəkisini göstərməlidir. Setlərdə və ya menyuda nələr varsa, bunun çəkisi göstərilməlidir. Bu sahəyə çox da nəzarət yoxdur. Ən böyük nəzarəti müştəri özü etməldir, menyuya yazılan məhsulların çəksini öyrənməyə çalışmalıdır”.