Lənkəran sakini qayda pozmadığı halda onun adına cərimə olunduğu barədə dörd protokol yazıldığını iddia edir.

 

Xezerxeber.az-ın məlumatına görə, Lənkəran rayonu, Aşağı Nüvədi kənd sakini Amal Hüseynovun adına Bakı şəhərində evakuatorla radara düşməsi ilə bağlı dörd xəbərdarlıq bildirişi gəlib.

 

Amma sürücü bu cərimə ilə razılaşmır. Səbəb isə onun evakuator deyil, təcili tibbi yardım avtomobilinin sürücüsü olmasıdır.

 

Amal Hüseynov qeyd edib ki, Lənkəran Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında 90-JM-949 dövlət qeydiyyat nişanlı təcili tibbi yardım avtomobilini idarə edir. O, evdə olduğu halda harada və hansı şəraitdə, hansı ərazidə radara düşdüyünü öyrənmək üçün aidiyyəti üzrə müraciət edib. Amal Hüseynova radar cəriməsinin 90-JM-949 dövlət qeydiyyat nişanlı evakuator tipli nəqliyyat vasitəsinə aid olduğunu bildiriblər.

 

İndi Amal Hüseynov yol-hərəkəti qaydalarını pozmadığı halda onun adına yazılan cərimələrinin silinməsini və bundan əvvəl evakuator üçün ödədiyi cərimələrin də ona qaytarılmasını istəyir.

 

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib ki, vətəndaş idarənin rəsmi internet səhifəsi olan dyp.gov. az-a müraciət etməlidir.

 

Paylaş