Dövlət qurumları özlərinə yeni dəbdəbəli inzibati bina tikmək üçün sanki yarışa giriblər.

Növbə Dövlət Statistika Komitəsi yanında Bakı şəhər Statistika İdarəsinə çatıb.Belə ki, İqtisadiyyat Nazirliyinin yaydığı məlumata görə “Azər-İnşaatçı” MMC Dövlət Statistika Komitəsi yanında Bakı şəhər Statistika İdarəsinin yeni inzibati binasının tikintisinin başa çatdırılması üzrə podratçı seçilib.“Azər-İnşaatçı” MMC Bakı şəhər Statistika İdarəsinin tikintisi başa çatdırılmayan yeni inzibati binasında tikinti-quraşdırma işlərinin podratçı seçiminə dair tenderin qalibi olub.İyunun 6-da şirkətlə müqavilə imzalanıb. Məlumatlara görə imzalanan müqavilənin dəyəri 3 milyon 926 min 655,74 manat təşkil edir.

Dövlət büdcəsinin kiçildiyi bir vaxtda bu cür lüzumsuz xərcləmələr nəyə lazımdır?Uzun müddətdir fəaliyyət göstərən Statistika İdarəsi yeni binaya köçəndə nə dəyişəcək?Bu gün hər kəsin islahat gözləntisində olduğu bir vaxtda bu cür xərcləmələr əhali arasında qıcıq yaradır.Bir müddət öncə ləğv olunan Nəqliyyat Nazirliyi də yeni inzibati bina tikmək üçün hazırlaşırdı.Artıq həmin binanın layihəsi və dəyəri də müəyyənləşdirilmişdi.Ancaq nazirliyin ləğvindən sonra bu layihənin icrası dayandırıldı.Yeni inzibati binası hazır olan nazirliklər və dövlət qurumları da var. SOCAR, Maliyyə Nazirliyinin yeni inzibati binaları artıq fəaliyyət göstərir.

Vergilər Nazirliyi də ötən il yeni inzibati binanın tikintisi haqqında məlumat vermişdi. O, zaman yayılan məlumatlarda göstərilirdi ki, Vergilər Nazirliyinin yeni binası 169 metr hündürlükdə və 33 mərtəbədən ibarət olacaq. Layihənin icrası isə Türkiyənin məşhur tikinti şirkəti olan “Tekfen İnşaat” idi. Şirkətlə nazirlik arasında imzalanan müqavilənin dəyəri isə 94 miyon dollar (oxu: 150 milyon manat) idi.

Qeyd edək ki, bu “Tekfen İnşaat”ın Bakıda SOCAR-dan sonra ikinci işi idi.SOCAR-ın yeni inzibati binasını da məhz “Tekfen İnşaat” inşa etmişdi. SOCAR-ın yeni inzibati binasının tikintisinə isə nə az, nə çox 235 milyon dollar vəsait sərf olunub. Bəzi məlumatlara görə SOCAR-ın yeni binasının tikintisində müqavilədən əlavə də vəsait ayrılıb və ümumilikdə bu binanın tikilib başa çatmasına 396 milyon dollar xərclənilib.Təbii ki, bu qiymətlərlə müqayisədə 4 milyon o, qədər də böyük görünmür.Ancaq ölkənin böhran keçirdiyi bir zamanda büdcədən 4 milyon vəsaitin ayrılması heç də doğru yanaşma deyil.Sadəcə adı olan bir idarə üçün icarə haqqı 1000-1500 manat olan bir bina götürmək daha doğru seçim, həm də ucuz olardı.Ən azından ölkə böhrandan çıxana qədər bu cür işləmək heç bir ciddi problemlərə yol açmazdı.Hətta Statistika İdarəsi indi yerləşdiyi inzibati binada da qala bilərdi.Hər bir halda 4 milyon manatın büdcədən çıxmaması üçün kifayət qədər arqumentlər, alternativ yollar var. Kiminsə bu cür tikinti layihələrində digər maraqları varsa, bu artıq müzakirə mövzusudur.Hər halda bütün dövlət qurumları, xüsusilə də büdcə vəsaiti hesabına fəaliyyət göstərən idarələr, təşkilatlar daha uzun fəaliyyət göstərmək üçün büdcəni qorumağa borcludurlar.Büdcə kiçildikcə büdcə təşkilatları da bir-bir sıradan çıxacaq./Cebhe.info/

Paylaş