Hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurası üzvləri arasında olan bəzi yüksək çinli sabiq məmurlar partiyadan çıxarıla bilər

Bu haqda Ulus.Az-ı məlumatlandıran mənbənin sözlərinə görə,prezidentin sərəncamı ilə vəzifələrindən azad olunanlar YAP-ın Siyasi Şurasından çıxarılmayıblar.

Onlardan sabiq rabitə naziri, Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin müşaviri Əli Abbasov, Prezident Administrasiyasının humanitar şöbəsinin rəhbəri olmuş Fatma Abdullazadə YAP Siyasi Şurasında üzv olaraq qalırlar.

Eyni zamanda müxtəlif cinayətlərdə ittiham olunmuş, bir müddət əvvəl oğlunun qatili olan Lamiyə Quliyeva ilə gündəmə gələn Şəmkirin keçmiş icra başçısı Aslan Aslanov da var.

Habelə, Fətullah Gülən şəbəkəsinin iqtidardakı baş fiquru elan edilmiş və Prezident Administrasiyasında şöbə müdiri vəzifəsindən çıxarılmış, ölkədən getmiş Elnur Aslanov da YAP-ın Siyasi Şurasının üzvüdür.

Həmçinin, Azərbaycan MTN-nin keçmiş şefi, KQB generalı Vaqif Hüseynov, sabiq deputat Asəf Hacıyev də YAP-da var.

Eks təhsil naziri, Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov, məşhur “91”lərdən olan Musa Musayev, Neft Kəmərləri İdarəsinin sabiq rəisi Rizvan Vahabov da hakim partiyanın Siyasi Şurası üzvü olaraq qalırlar.

Aslan Aslanov, Elnur Aslanov YAP-ın Siyasi Şurasının üzvlüyündən çıxarıla bilər.

Bu barədə mətbuat zaman-zaman yazıb. Amma məsələ gündəmdən çıxıb. Hakim partiya da bu şəxslərin işinə baxmayıb.

E.Aslanovla A.Aslanovun hakimiyyət tərəfindən cəzalandırılması onların Siyasi Şura üzvlüyündə qalması ilə uyğun gəlmir.

Gözlənilir ki, yaxın vaxtlarda hakim partiyada müzakirələr başlansın. Amma hansı qərarlar veriləcəyi bəlli deyil. Hazırda hakim partiyanın Siyasi Şurasında təmsil olunan bu eks-məmurlar zamanında müxtəlif cinayətlərdə ittiham olunublar.

Maraqlıdır ki, hakimiyyətin komandasından qovulmuş bu şəxslər nəinki hakim partiya sıralarından xaric edilməyib, Siyasi Şuranın üzvləridirlər.

Hər halda iqtidarda olan partiyanın sözügedən iki sabiq məmuru üzvlüyündə saxlaması müəmmalıdır. Çünki onlar heç də adi səbəblərdən vəzifələrindən azad olunmayıb.

Paylaş