Müdafiə sənayesi naziri Yavər Camalov qardaşına görə mətbuatın gündəmindən düşmür

Nazirin qardaşı Əlikram Camalova qarşı dələduzluq etməkdə təqsirləndirilən Samir Nəbiyevin növbəti ifadəsi səs-küy doğurub.

Samir Nəiyev ifafəsində deyib ki, nazir qardaşı Əlikram Camalovla mağazada tanış olub: “Mənim daimi müştərim olub. Özü deyirdi ki, filankəslərə pul vermişəm. Mən də pul istədim.

O da qazanc məqsədi ilə 18 min manat aldım. Dedim ki, hər ay pulun 10 faizini verəcəm. Buna görə ona 5 min manat faiz ödəmişəm. Sonra da 2500 dollar aldım, buna da 1500 dollar sələm vermişəm”.

Beləcə məlum olur ki, nazir qardaşı sələmçi imiş. Maraqlıdır ki, bu günə kimi deputat Rüfət Quliyev, Rəfael Cəbrayılov kimi məmurların da adı sələmçilikdə hallanıb. İndi də nazirin qardaşının sələmə pul verdiyi aydın olur.

Təqsirləndirilən deyib ki, devalvasiyadan sonra nazir qardaşı onu ofisə çağırıb və pulunu tam istəyib: “Dedim imkanım yoxdu. Əlikram müəllim dedi manatı dollara çevirirəm, məcbur olub razılaşdım.

Sonra mənim biznesim iflas etməyə başladı, Əlikram müəllimin yanına gedib dedim ki, borcumun əvəzinə mağazadakı malları mayasından aşağı qiymətə götür, razılaşmadı.

Dedi pulumu nağd ver. Sonra mən mağazanı başqa yerə köçürdüm, yenə mal təklif etdim, istəmədilər”.

Təqsirləndirilən şəxs deyib ki, Camalovun dediyi borcu ödəməyə razıdır: “Bu söhbətlərdən bir müddət sonra atam rəhmətə getdi, yas verirdim, Əlikram müəllim polislə gəlib məni yasdan apardı, ifadəmi verdim.

Sonra Bakıda qala bilməyib rayona köçdüm. Polisə də zəng edib dedim ki, heç yerə qaçmamışam, amma ödəyə bilmirəm. Borcumu qəbul edirəm, işlə təmin etsin, ödəyim. Yavan çörək versin, qapısında işləyim”.

  Y.Camalovun adının bu işdə hallanması onun imicinə ciddi zərbə vurub.

Bu günə kimi nazirin adı Şirvanın icra hakimi olan digər qardaşı Mərdan Camalovun əməlləri ilə bağlı çəkilirdisə, bir müddətdir sələmçi qardaşına görə gündəmdədir.

Nazir qardaşı pul qazanmaq istəyərkən dələduzluqla üzləşdiyini iddia edərək hüquq-mühafizə orqanlarına müraciət edib. Şərik tərəfindən aldadıldığını deyən iddiaçı 18 min dollar və 2500 dollarının ələ keçirildiyini bildirir.

Bildirək ki, nazir qardaşı Əlikram Camalov “Hacı Camalxan” Kəndli Fermer Təsərrüfatının təsisçisi və sahibidir. İddialara görə, Y.Camalov qardaşına bərk qəzəblənib. Nazir onun ucbatından mediada adının dələduzluq işinə qarışdığı üçün narazıdır. ulus.az

Paylaş