Bu gün – 21 oktyabr 2019-cu il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu “R AND X” MMC şirkətilə 286 min 105 manat 16 qəpik dəyərində müqavilə bağlayıb.
Yeniavaz.com xəbər verir ki, “R AND X” MMC İnformasiya Texnologiyaları İnstitutunun keçirdiyi tender müsabiqəsinin qalibi olub. Şirkət alacağı 286 min 105 manat 16 qəpiyin müqabilində İnformasiya Texnologiyaları İnstitutu üçün “Elmi-tədqiqat işləri”ni həyata keçircək.
Məlumat üçün bildirək ki, cəmi 10 manat nizamnamə kapitalı olan “R AND X” MMC 13.05.2017-ci il tarixində dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti., ev 2, m. 2-də yerləşir. Qanuni təmsilçisi Elmar Fərman oğlu Ağammədzadə olan bu şirkət barədə açıq internet resurslarda heç bir məlumat yoxdur. Şirkətlərin nə rəsmi veb-səhifəsi, nə də əlaqə vasitələri mövcuddür. Hətta sosial şəbəkələrdə belə hesabları yoxdur.
İnformasiya Texnologiyaları İnstitutu üçün 286 min 105 manat 16 qəpik dəyərində “Elmi-tədqiqat işləri”ni həyata keçirməyə hazırlaşan “R AND X” MMC ilə bağlı digər bir məlumat odur ki, bu şirkət ötən ayın 18-də Abşeron rayon İcra Hakimiyyətinin tender müsabiqəsinin qalibi olub. Şirkət İcra hakimiyyətindən 24 min 623 manat 36 qəpik alaraq Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllə 1 nömrəli 9 mərtəbəli 8 bloklu yaşayış binasında mənzil daxili sanitar qovşaqlarında kanalizasiya xətlərinin təmir işlərini həyata keçirəcək.
Göründüyü kimi, 3 gün əvvəl kanalizasiya xətlərinin təmiri ilə bağlı tender udan şirkət bu gün “Elmi-tədqiqat işləri”ni həyata keçirilməsi ilə bağlı tenderin qalibi elan olunub.
Məlumat üçün onu da bildirək ki, “R AND X” MMC bu il daha iki tender müsabiqəsinin qalibi olub. 19.07.2019-cu il tarixində Bakı şəhər Fəvvarələri İstismarı İdarəsilə “Mal-materialların satınalınması” məqsədilə 297 min 520 manatlıq müqavilə imzalanıb. 04.09.2019-cu il tarixində isə Astara Pedaqoji Kollecilə “Cari təmir” işləri üçün 29 min 972 mamatlıq müqavilə bağlayıb.

Paylaş