Qəbiristanlıqda qəbirüstü abidələrin dağıdılmasına, qəbir yerlərinin satılmasına qarşı çıxan Xırdalan sakini həbs olunub
“Qəbiristanlıqda su bulağı tikdi, təmizlik işləri apardı, 10-15 gün olar ki, dağılmış çəpərləri bərpa edirdi. Oğlum bunları təmənnasız edirdi. Özü və azyaşlı övladı əlil idi, ailəni ikisinin əlillik pensiyalarıyla dolandırırdı, ancaq təmənnasız olaraq qəbiristanlıqda təmizlik işləri aparırdı”. Bunu Meydan TV-yə ötən həftənin sonu həbs olunmuş Xırdalan sakini, əvvəllər də təzyiqlərə məruz qalan Qorxmaz Əliyevin anası Həlimə Əliyeva deyir.
Oktyabrın 18-də Qorxmaz Əliyev küçədə polis tərəfindən saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə aparılıb. Oktyabrn 19-da Abşeron Rayon Məhkəməsi onun barəsində həbs-qətimkan tədbiri seçib. O, dövlət əmlakına zərər vurma və özbaşınalıqda şübhəli bilinir. Oktyabrın 19-da Kürdəxanıdakı istintaq təcridxanasına köçürülüb. Ailə üzvləri iddia edir ki, Qorxmazı yerli icra hakimiyyəti və bələdiyyə şərləyərək tutdurub.
“Ziyarətçilər üçün su bulağı tikmişdi”
Anası Həlimə xanım danışır: “Həyat yoldaşımın vəfatından sonra Qorxmaz tez-tez onun məzarını ziyarət edirdi, gəlib deyirdi, ana, qəbiristanlıq pis gündədir, su yoxdur, hər yeri ot-ələf basıb, qəbirlərin ətrafı zibillə doludur, qəbirsanlığın hasarının dibini zibilliyə çeviriblər. Başladı öz tay-tuşlarıyla qəbirsanlıqda iməciliklər etməyə… Tez-tez gedirdi, qəbirlərin ətrafını təmizləyirdi, su bulağı tukdi ki, ziyarətə gələnlər su üçün məəttəl qalmasınlar, zibilliyi təmizlədi… Bu işləri görəndə üzə çıxartmışdı ki, Qarabağ savaşındfa həlak olan əfqan döyüşmülərinin qəbirləri dağıdılır, Xırdalan şəhər bələdiyyəsi ilə Xırdalan şəhər icra nümayəndəliyi birləşib uzun illər ziyarət olunmayan qəbirlərin sinə və başdaşlarını söküb, üstündəki yazıları pozdurub, rayonlara göndərib satdırırlar. Rus qəbirlərinin yerini şumlayıb yeri təkrar satırlar. Oğlum bütün bunları Abşeron Rayon Polis İdarəsinə, rayon prokurorluğuna, icra hakimiyyətinə yazdı. Həmin qurumlar araşdırıb tədbir görmək əvəzinə oğlumu Xırdalan Şəhər İcra Nümayəndəliyinə göndərdilər. Dedilər, yazdığın məktublar ora göndərilib, get, cavabını ordan istə…
Orda da icra nümayəndəsi işçiləriylə birləşib, öz iş otağında oğlumu möhkəm döydü. Qorxmaz buna görə polisə şikayət etsə də, heç bir tədbir görülmədi. Əksinə, bir neçə dəfə özünü tutub polisə apardılar, hədələdilər, təhdid etdilər ki, icra hakimiyyətinə, bələdiyyəyə “sataşmasın”. Bələdiyyə sədri döydürdü, polisə şikayət elədi, yenə araşdırılmadı, günahkar cəzasız qaldı. İndi də oğlumu tutub atıblar həbsxanaya ki, əl-ayaqlarına yerli-dibli dolaşmasın”.
“Köhnə hasarı sökmüşdü, yenisini tikmək istəyirdi”
Bu ilin iyul ayında Qorxmaz Əliyev Meydan TV-yə Abşeron Rayon İcra Hakimiyyətindən, Xırdalan Şəhər Bələdiyyəsindən və Xırdalan şəhər icra nümayəndəsindən şikayət etmişdi. Bildirmişdi ki, polisə yazdığı ərizənin sorağı ilə Xırdalan Şəhər İcra Nümayəndəliyinə gedib, icra nümayəndəsi Rafiq Yusubov və işçiləri tərəfindən döyülüb. İcra nümayəndəliyindən isə deyilənlər təkzib olunmuşdu. Daha sonra Meydan TV-nin videomüxbiri Qorxmaz Əliyevlə birlikdə Xırdalan qəbiristanlığında olmuşdu, baş verənləri çəkmişdi. Həyat yoldaşı Zeynəb Əliyeva deyir, ötən həftə Qorxmaz qəbiristanlıqda köhnə, dağılmış hasarın bir hissəsini söküb ki, təzə daşla tiksin. Elə bu fakt da yerli bələdiyyənin əlinə fürsət verib ki, Qorxmazla bağlı hüquq-mühafizə orqanına müraciət etsin:
“Qorxmaz hasarı sökəndə bələdiyyə sədri də orda olub, hətta Qorxmaza məsləhət də verib ki, təzə hasarı əvvəlki özülün üstündə tiksin, özülü o tərəf, bu tərəfə çəkməsin. Qorxmaz bu işi özbaşına etməyib. Qəbirsanlığın yeni işə götürülmüş nəzarətçisi olan yaxın qohumu da bu işlərin içindəydi. Birlikdə məsləhətləşib hasarı söküblər ki, təzələsinlər. Sonra da tez polisə xəbər veriblər ki, guya Qorxmaz dövlətin əmlakına zərər vurub. Kiçik bir hasar olub, ancaq yalandan yazıblar ki, guya Qorxmaz 135 metr uzunluğunda hasarı söküb, həmin hasarın böyrüylə keçən eyni ölçüdə asfaltı dağıdıb. Halbuki, Qorxmazın sökdüyü hasar kiçik bir yer olub, deyilən kimi, uzun hasar olmayıb. İndi böhtan atırlar ki, guya Qorxmaz rus qəbirlərinin üstündəki xaçları dağıdıb. Yəni öz etdiklərini Qorxmazın üstünə atırlar. Qorxmazdan qabaq orda qəbiristanlığa yeni təyin olunmuş əmisi var, hansı ki, səhərdən axşama kimi qəbiristanlıqda olurdu və Qorxmazın orda apardığı təmizlik işlərindən xəbərdar idi. Biri hasarın üstündən xəbərsiz bir daş qopartsa, sahə müvəkkilindən, bələdiyyəsindən tutmuş icra hakimiyyətinin işçilərinə kimi hamı əraziyə tökülər. Necə olur ki, Qorxmaz hasarı sökür, buna göz yumurlar, gəlib deyən olmur ki, sökmə, bu iş sənlik deyil, bu, bələdiyyənin işidir. Əksinə, gəlib məsləhət verirlər ki, hasarı ordan sök, burdan tik, tikməyə başlayanda isə gəlib qandallayıb qatı cinayətkar kimi sürüyüb aparırlar… Çünki bu, onların özlərinin Qorxmaza qurduqları oyun idi, Qorxmazın bircə günahı var, o da saf insan olmasıdır”.
“Guya dövlət əmlakına 15 min manat zərər vurub”
Ailə üzvlərinin deməsinə görə, köhnə, onsuz da uçuq olan kiçik bir hasarı yeniləmək üçün sökdüyünə görə, Qorxmaz dövlət əmlakına 15 min manat zərər vurmaqda ittiham olunur: “Sökülən yer kiçik bir hasar olub, ancaq zərəri şişirdib 15 min manat qeyd ediblər. Qorxmaz əlildir, azyaşlı övladlarından biri astma-bronxitdən əziyyət çəkir, o da əlildir. Çətinliklə dolanırıq, bu adam vurmadığı zərəri – 15 min manatı necə ödəsin? Bu azmış kimi, bələdiyyə sədri deyir, hələ Qorxmazın boynuna başqa şeylər də qoyduracağıq, deyəcəyik ki, qəbirsanlıqda yığılan qalaq-qalaq xaçları da elə Qorxmaz özü xristian qəbirlərinin üstündən çıxarıb, qəbirləri dağıdıb. Bundan sonra ağlı başına gəlsin, bizimlə kəllə-kəlləyə gəlməyin axırı nədir, həbsxanada anlasın”.
“Deyirlər, oğlun “ağıllı” olsaydı, tutulmazdı”
Qorxmaz Əliyevin ailəsi onun həbsində Abşeron Rayon İcra Hakimiyyətinin başçısının da əli olduğunu iddia edir. Həlimə xanımın deməsinə görə, o, oğlunun həbsindən sonra dəfələrlə icra hakimiyyətinə gedib, icra başçısı qəbul etməyib. Xırdalan şəhər icra nümayəndəsinin qəbulunda olarkən isə, nümayəndə bildirib ki, Qorxmaz vaxtında “ağıllı” olsaydı, indi başına bunlar gəlməzdi. Qorxmaz Əliyevə qarşı Cinayət Məcəlləsinin 186.1 (Əmlakı qəsdən məhv etmə və ya zədələmə) və 322.1 (Özbaşınalıq) maddələri ilə cinayət işi qaldırılıb. Qorxmaz Əliyev özünü təqsirli bilməyib, məhkəmədən barəsində həbs qətimkan tədbirinin seçilməməsini xahiş edib. Abşeron Rayon Məhkəməsinin hakimi Şövkət Nəcəfova Abşeron Rayon Prokurorluğunun təqdimatı əsasında Qorxmaz Əliyev barəsində həbs-qətimkan tədbiri seçərkən Qərarı onun hərəkətlərinin ictimai təhlükəli olması, istintaqın gedişinə mane ola biləcəyi, təkrar cinayət törədəcəyi ilə əsaslandırıb.
Qorxmaz Əliyevin anası Həlimə xanım ailə durumunun ağır olduğunu deyir, o, vəkillərdən Qorxmazın hüquqlarının təmənnasız müdafiə olunmasını xahiş edir: “Oğlum oğurluq etməyib, narkotik satmayıb, adam öldürməyib. O, məzarların dağıdılmasına qarşı çıxıb. Oğlum bunu təmənnasız edib, vicdanlı vəkillərdən də xahişim budur ki, oğlumun ailə durumunu nəzərə alıb, təmənnasız olaraq onun müdafiəsinə qoşulsunlar”.
Xırdalan Şəhər Bələdiyyəsindən bildirilib ki, bələdiyyənin balansında olan qəbiristanlığın əhatəyə alınmış 130 metr uzunluğunda hasarını bələdiyyənin xəbəri və icazəsi olmadan özbaşına söküb, həmin əraziyə gətizdirdiyi texnikadan istifadə etməklə əraziyə çəkilmiş yeni asfalt örtyünü bərbad hala salıb. Bununla da bələdiyyəyə ümumilikdə 15 min manat maddi ziyan vurub. Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, Qorxmaz Əliyevlə bağlı məsələdən xəbərsizdilər. Qəbiristanlıq bələdiyyənin balansında olduğu üçün qurum bu məsələlərə müdaxilə edə bilməz və etməyib.
https://criminal.az/icra-bascisiyla-belediyye-sedri-birlesib-olumu-hebse-atdirdi/