Kəndlilərin deməsinə görə, qazlaşma ilə bağlı verilən vədin üstündən 4 il keçir
“Ötən qış qapımızdakı axırıncı çinarı da kəsib, yandırdıq… Bu qışı nə bir metr odun var, nə də odun almağa pul…”
Yevlaxın Bəydili kənd sakinləri Meydan TV-yə kəndin problemlərindən danışıb.
Bəydilidə təxminən 110 yaşayış evi var. Əhalisinin sayı 700 civarındadır. Kəndin əsas problemləri qaz, yol, məktəblə bağlıdır. Sakinlərin deməsinə görə, rayonun demək olar ki, bütün kəndləri qazlaşdırılıb. Qazlaşdırılmayan tək-tük kəndlər qalıb ki, bunlardan biri də Yevlaxla Mingəçevirin arasında yerləşən Bəydilidir.
“Ağsaqqallara vəd olundu, ancaq yerinə yetirilmədi”
Kənd sakini İradə İsmayılova:
“Sovet vaxtı kənddə qaz olub, 1994-cü ildə ölkənin hər yerində olduğu kimi, bizim kəndə də qaz verilişi dayandırılıb, sonradan bərpa olunmayıb. Qaz xətləri də kəsilib, satılıb. Hazırda kəndin dörd tərəfində yerləşən qonşu kəndlərdə qazlaşma işləri aparılıb. Bircə bizim kəndə çəkmirlər. 2015-ci ilin noyabrında qonşu kəndlərdən birində mavi yanacağın verilməsi ilə bağlı mərasim keçirilirdi, bizim kəndin ağsaqqalları yığışıb getdi, həmin mərasimdə iştirak edən məmurlara narazılığını bildirdi. İcra hakimiyyətinin başçısı söz verdi ki, 2016-cı ilin birinci kvartalına qədər Bəydili də qazlaşdırılacaq. 2019-cu ilin sonuncu kvartalıdır, hələ də ortada heç nə yoxdur”.
“Qapımızdakı sonuncu çinarı da kəsib, yandırdıq”
Sakinlərin sözlərinə görə, bu ilin aprelində “Azəriqaz” ASC-nin nümayəndələri kənddə olub, qazlaşdırma aparılacağını deyərək evləri siyahıya alıblar, ancaq elə o gedəndirlər, bir daha kənddə görünməyiblər. Qarşıdan gələn qışın istiliklə bağlı qayğıları indidən kənd sakinlərinin canına üşütmə salıb:
“Hər evdə uşaq, qoca, xəstə… Kasıb kənddir, heç kimin odun almağa imkanı yoxdur, başqa kəndlərdə qaz var deyə, oduna ehtiyacları yoxdur, kimin həmin kəndlərdə qohumu varsa, deyir, gəl, həyətdəki qurumuş ağacı kəs, apar… Ötən qış Mingəçevirdəki bir qohum dedi, gəl, bağda qurumuş ağaclar var, getdik, kəsdik, gətirdik, doğrayıb odun kimi istifadə elədik. Üstəlik, qapımızdakı axırıncı çinarı da kəsdik, bu il nə edəcəyimizi bilmirik. Nə kəsməyə ağac qalıb, nə bir metr odun var, nə də odun almağa pul… Dəstəsi 5-10 qəpikdən göyərti satıb dolanırıq, onu da hələ dekabrdan yığıb satmağa başlayacağıq. İş yeri yox, maaş yox, əhali qalıb ortalıqda…”
“Məktəblilər qonşu kəndlərə hər gün 26 kilometr yol qət edir”
Sakinlər deyir, ana qaz xətti Yevlaxdan magistral yolla Mingəçevirin girəcəyinədək uzanır. Bəydilinin girəcəyində ana xətdən bu kəndə çıxış da qoyulub ki, gələcəkdə həmin xətt uzadılıb kəndin içərisinə aparılsın. Ancaq sonradan həmin çıxışın istiqaməti Gülövşə kəndinə çevrilib və qaz xətti həmin kəndə uzadılaraq qazlaşdırma aparılıb.
Kəndin ikinci problemi məktəblə bağlıdır. Sakinlərin deməsinə görə, kənddəki köhnə məktəbin yerində yenisi tikiləndə seviniblər. Əvvəl onlara deyilib ki, məktəb 9 illik olacaq, ancaq məktəb istifadəyə veriləndə məlum olub ki, burada təhsil 4 illikdir. Xanım Səfərova:
“4-cü sinifdən sonra uşaqları 13-15 kilometr aralıdakı kəndlərə aparıb gətiririk. Bir mikroavtobus ayrılıb, ona da 14-15 uşaq sığır. Maşını olan qonşuluqdakı 3-4 uşağı da öz uşağıyla birlikdə aparıb gətirir, ancaq kənddə maşını olan azdır deyə, uşaqlar ortalıqda qalıb. Elə uşaqlar var ki, səhər saat 6-da yuxudan oyanıb piyada 13-15 kilometr yolu piyada gedirlər, dərsdən qayıdanda da bir o qədər yolu geri qət edirlər. Məktəb vaxtı soyuq aylara düşür, kənddə qış sərt keçir, bunun yağışlı, qarlı günləri var. İkinci növbədən qayıdan uşaqlar qışda qaranlığa düşürlər, həyatları təhlükədə olur. Hökumətdən ikinci tələbimiz məktəbin 9 illik olmasına görədir”.
“Başçı gəlib, vədlər verib, getdi”
Daha bir narazılıq isə yolla bağlıdır. İllərdir ki, Bəydili sakinləri tozlu, palçıqlı kənd yolların təmir-bərpası üçün aidiyyəti qurumlara müraciət edirlər, ancaq müsbət cavab almırlar. Bu ilin iyulunda kənd sakinləri Yevlax-Xaldan-Mingəçevir yolunu kəsməklə bağlı qərar qəbul ediblər. Bundan xəbər tutan Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Qoca Səmədov kəndə gedərək sakinlərlə səyyar görüş keçirib. Sakinlər danışır:
“İyul ayı idi, başçı gəldi, görüş keçirtdi, dedi, oktyabr ayınadək səbr edin, qazlaşma işləri başlanacaq, digər problemlər də həllini tapacaq. Oktyabr da başa çatmaq üzrədir, bundan sonra qulağımız hansı nağıllar eşidəcək, bizə maraqlı deyil. Qarşıdan sərt qış gəlir, şirin vədlərə doymuşuq, odun da tapmırıq, kəndi qazlaşdırsınlar, kəndin məktəbini 9 illik etsinlər, bu qədər əhalini, uşağı əzabdan xilas etsinlər”.
Yevlax Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, Bəydili kəndinin qazlaşdırılması əvvəllər layihədə olmayıb, qurumun “Azəriqaz” ASC-yə müraciətindən sonra layihəyə salınıb. Kəndin ən qısa zamanda qazlaşdırılması üçün icra hakimiyyəti aidiyyəti qurumla danışıqlar aparır. Məktəb məsələsinə gəlincə isə qurumdan bildirilib ki, kənddə 4 illik müasir məktəb tikilib, yuxarı sinif şagirdlərinin Xaldan orta məktəbinə gedib-gəlmələri üçün isə nəqliyyat problemi yoxdur. Bəydilidəki məktəbin gələcəkdə 9 illik formatda fəaliyyət göstərməsi mümkündür.(savash.org)