Vətəndaşlar Şəki və Qax ərazisində meşə fondu torpaqlarında yüz hektarlarla kolluq və meşəliklərin kürünərək aqro-bağ salınması (əsasən fındıq bağları) layihələrindən ciddi narahatlıqlarını bildirirlər.
Pravda.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumatlar paylaşılıb.
Sosial şəbəkədəki “Ecofront” səhifəsinin məlumatına görə, ən irimiqyaslı və narahatedici kürümə işləri Şəkinin Köbər Zəyzit və Bideyiz kəndləri arasındakı ərazilərdə (etibarlı mənbəyə görə 327 hektar), yaxınlıqda başqa bir ərazidə təxminən (50-100 hektar), Cunud və Baş Layısqı kəndləri yaxınlığında ərazilərdə (təxminən 200 hektar), Qaxın Qaşqaçay kəndi yaxınlıqda yüz hektarlara (toplam min hektara yaxın) meşə fondu torpağında gedib və davam edir.
Cunud və Baş Layısqı kəndləri yaxınlığında 2000 (iki min) hektar kolluq meşəlik meşə fondu torpağının kürünməsi üçün razılıq verilib və bu ərazidə aparılan kürümə işləri ən narahat edici həddədir. Belə ki, artıq yüzlərlə hektar ərazidə kürümə işləri aparılıb və ərazidə 4 ağır texnika (bulldozer) çalışır. İşləri görən şirkətin kimliyi haqda bizdə məlumat yoxdur. Və kürünməsi planlaşdırılan ərazilərin böyüklüyü və bioloji zənglinliyi əlavə narahatlıq yaradır.
Bioxmüxtəlifliyin zənginliyi və bütövlüyü, su, torpaq və selqoruyucu funksiyaları baxımından bu ekosistemlərin əvəz edilməz rolu var. Görülən işlərin bu və qonşu əraziləri ekoloji böhrana, erroziyaya, səhralaşmaya, susuzluğa və sel daşqınlarına sürükləyəcəyi ilə bağlı bizdə əsaslı narahatlıq yaranıb.
Şəki rayonu Bideyiz və Köbər Zəyzit kəndləri aralığında, Qax rayonu Qaşqaçay kəndi yaxınlığında meşə fondu torpaqlarının kürünməsi işləri AGA GROUP şirkətlər qrupuna məxsus “Monte Ferro” MMC tərəfindən aparılır.
On illərdir bu meşələrdə odun toplayan, malqara otaran yerli adamlar dəfələrlə cərimələnib və bu cür fəaliyyətlər məhdudlaşdırılıb. İndi isə həmin ərazilərin başdan başa məhv edilməsi yerli insanlarda haqlı narazılıq yaradır. Kənd sakinləri otlaq ərazilərinin itirilməsindən su ehtiyatlarının quruyacağından narahatdırlar.
Şəki rayonu Bideyiz kənd sakinlərinin kəndin örüş sahələrində və meşə fondu torpaqlarında aparılan kürümə işlərinə etiraz edir.
Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev Şəki və Qax bölgəsindəki meşə torpaqlarının icarəyə verilib, əvəzində bitki, ağac və kolların kəsilərək yerində fındıq bağının salınması xəbərinə münasibət bildirib.
Nazir müavini “Açıq meşə sahələri icarəyə verilməsi qanunvericilikdə nəzərdə tutulubmu?” sualına aydınlıq gətirib.
O bildirib ki, bu, 2017-ci ildə Azərbaycan Respublikasının Meşə Məcəlləsinə edilən dəyişikliyə əsasən tam qanunamüvafiqdir.
Onun sözlərinə görə, meşə fondunun açıq sahələrinin, istifadəsiz və yararsız qalmış torpaqların potensialından səmərli istifadə etmək məqsədilə respublikanın Lənkəran, Quba, Qusar, Zaqatala, Balakən, Qax, Şəki, Oğuz rayonlarının açıq meşə sahələrinin aqro bağların salınması üçün uzunmüddətli icarəyə verilməsi işləri bu gün də davam edir: “Milli Meşə Proqramına uyğun olaraq meşə ərazilərinin açıq sahələrinin aqro və sənaye əhəmiyyətli ağacların əkilməsi hesabına genişləndirilməsi, cavanlaşdırılması işləri həyata keçirilir. Qeyd edək ki, salınacaq aqro və sənaye əhəmiyyətli bağlar müasir damcılı suvarma sistemləri ilə təmin olunur ki, bu da içməli suya qənaət olunması, meşə örtüyünün artırılması, yeni iş yerlərinin açılması, ərzaq bolluğunun təmin olunması deməkdir. Meşə fondunun istifadəsiz qalan açıq sahələrində əsasən fındıq, qoz, eləcə də yerli şəraitə uyğun meyvə ağacları əkilir. Bu da ixrac potensialının yüksəlməsi, ərzaq bolluğunun yaranmasına xidmət edəcək və ən əsası da açıq sahələrin meşə ilə örtülməsinə səbəb olacaq. Biz nazirlik olaraq işlərimizi planlı şəkildə həyata keçiririk”.
O qeyd edib ki, artıq payız ağac əkini mövsümü başlayıb və bu mövsümündə yay aylarında yanğın baş vermiş meşə sahələrinə meşəcinsli ağaclar əkilir, toxumlar səpilir. Bu günlərdə Oğuz rayonunun Calud kəndindinin yanğına məruz qalmış meşə sahələrində də ağaclar əkiləcək, toxum səpiləcək. Bütün vətəndaşlarımızı bu tədbirlərə dəvət edirik və ümid edirik ki, digər rayonların da əhalisi bizimlə birlikdə payız ağacəkmə layihələrinə qoşulacaq.
F.Əliyev onu da bildirib ki, bu mövsümdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağacın əkilməsi ilə də bağlı müvafiq hazırlıq işləri görülür. Yerlər müəyyən olunub, çalalar qazılır, suvarma sistemi qurulur və əkiləcək ağacların yerləri elektron xəritə üzərinə köçürülüb. Biz növbəti ağacəkmə mövsümlərində də ölkədə yaşıllıqların artırılması, meşə sahələrinin genişləndirilməsi və əhalinin meşə fondundan səmərəli istifadə etməsi, o cümlədən meşə fondu ərazilərinin potensialından maksimum yararlanması, sosial-iqtisadi baxımdan bəhrələnməsi istiqamətində işlərimizi davam etdirəcəyik”.