“Mənzilimizə vertolyotla girək?”
Səbail rayonunda yerləşən “Pilot rezidense” yaşayış kompleksinin sakinləri “Patrul.az”a müraciət edərək çıxılmaz vəziyyətdə olduqlarını bildirib, problemləri ilə tanış olmaq üçün əraziyə gəlib yerində tanış olmağımızı xahiş etdilər. Biz də Patrul.az heyəti olaraq əraziyə yollandıq. Vəziyyətlə yerində tanış olduq. Qısa desək, burada yaşayan sakinlər mənzillərinə girib-çıxmaq üçün vertolyot almalıdırlar. Hərçənd ki, o vertolyotun enib-qalxması üçün də həyətləri yoxdur, bina təsisçisi tərəfindən zəbt olunub.
Əvvəla sakinlər bildirdi ki, mənzil alan zaman onlara göstərilən lahiyədə binanın həyəti yaşıllıq olaraq göstərilmişdi. Düzdür hal-hazırda həmin hissə yaşıllıqdır, amma layihədə göstərilən kimi ağaclardan ibarət olan yaşıllıq yox, həyətdə basdırılan armaturları kamuflyaj etmək üçün olan yaşıllıqdır. Burada da birbaşa insan həyatının təhlükəsizliyi heçə sayılıb. Fikirli halda, bilmədən kimsə həmin armaturlara dəysə, o iti başlıqlar kəsik, deşik xəsarətləri törədər. Hələ bundan da əvvəl bina təsisçisi sakinlərin istirahəti üçün nəzərdə tutulan qeyri-yaşayış sahəsində, yəni həyətdə obyekt tikib. Halbuki layihədə bu da yoxdur. Bu tikili tikilən zaman FHN əməkdaşları bir neçə dəfə əraziyə gəlib tikintini saxlasalar da, sonradan hansısa razılaşma ilə qanunsuz tikili qanuni olub və tikilib market kimi fəaliyyətə başlayıb. Bina təsisçilərinin yaratdığı bu qədər problem azmış kimi daha sonra sakinlərin həyətə, evlərinə girib-çıxdığı yeganə yol və avtomobil qarajlarının yolu qonşuluqda olan “Caspian servise” yaşayış kompleksinin aidiyyatı şəxsləri tərəfindən bağlanıb və həmin hissənin onlara aid olduğunu bildiriblər. Bundan sonra isə sakinlər qarajdan istifadə edə bilmir, özləri də həyətə yalnız göydən düşə bilərlər. Bununla bağlı bina sakinləri Səbail rayonu icra hakimiyyətindən tutmuş, şəhərsalma idarəsinə qədər bütün qapıları döyüblər. Ancaq heç bir nəticə əldə olunmayıb. Hal-hazırda müvəqqəti olaraq binanın birinci mərtəbəsində yerləşən obyektdən həyətə keçid kimi istifadə edirlər. İndi təsəvvür edin ki, sağlam adamın piyada giriş-çıxışı üçün yol olmayan bu binaya fiziki məhdudiyyətli, əlil arabasında, uşaq arabasında hərəkət edənlər necə girib-çıxsın? Kiminsə halı pisləşsə, təcili yardım gəlsə, onu xərəkdə binadan necə çıxaracaqlar? Bu binada xoşagəlməz hadisə baş versə, yanğın olsa, yalnız vertolyotlar vasitəsilə müdaxilə edilə bilər.
Çəkiliş zamanı sakinlər onların yollarının bağlandığı dəmir maneələri kəsməyə, dağıtmağa başladı, lakin bu zaman da Caspian servise əməkdaşları ilə onlar arasında insident yaşandı. İnsidentin miqyası böyüməyə doğru getdiyindən əraziyə polislər gəlib müdaxilə etmək məcburiyyətində qaldı. Görünən odur ki, aidiyyatı qurumlar bu məsələyə vaxtında müdaxilə etməsə təsisçilər və təngə gəlmiş sakinlər arasında cinayət hadisələri də baş verə bilər.