Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, “Mədinə” Humanitar Yardım Təşkilatı İctimai Birliyi, Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyası, “Fencing” İdman Klubu və “Difai” Futbol Klubunun təşkilatçılığı ilə “Müharibə iştirakçılarının cəmiyyətə inteqrasiyası və sosial vəziyyətinin yaxşılaşdırılması” layihəsi çərçivəsində yaradılmış, həm idarə, həm də komanda heyətlərində Vətən Müharibəsi iştirakçıları və qaziləri yer almış “Difai” komandaları arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Ulu Öndər” Kubokuna yekun vurulub.

Turnirin təşkilində əsas məqsəd gənclərimizin Vətənin qəhrəman övladları ətrafında birləşməsini, onların bir komanda şəklində idman yarışlarında iştirakını təmin etmək, bununla da, yeni nəsilə örnək olmaqla sağlam həyatı təbliğ etməkdir.
Yarışın həvəskarlar arasında keçirilməsini nəzərə alaraq, bir çox komandaların heyəti dəyişir, bura yeni gənclər dəvət edilirdi. Bu da öz növbəsində yarışın əsas ideyasına tam uyğun idi.
Əsas məsələ bu yarışa azarkeş marağının artırılması, bunun da müharibə iştirakçıları və qazilərimizə stimul verməsi idi.
Daha çox şəhər, rayon və kəndlərin stadionlarında oyunların keçirilməsi turnir barədə daha çox insanın məlumatlandırılması deməkdir.
Oyunlar Tovuz, Qax, İsmayıllı şəhərlərində, həmçinin Xaçmaz rayonunun Nərəcan və Qoçaqlı kənd stadionlarında təşkil olundu. Ümumilikdə, oyunlara üç mindən artıq şəxs azarkeşlik etdi.
Xaçmaz rayonunun Qoçaqlı kəndində keçirilən final oyunu da istisna olmadı.
“Difai”də (Quba) əvvəlki oyunlara nisbətdə 50-60 % dəyişiklik olmuşdusa, “Difai”nin (Qax) heyətində 2016-cı il Aprel döyüşlərinin iştirakçısı da daxil, əsasən gənclərə üstünlük verilmişdi.Minə yaxın azarkeşin izlədiyi final qarşılaşması maraqlı mübarizə şəraitində keçdi. Qubalılar rəqibinə 3:0 hesabıyla qalib gəldi və “Ulu Öndər” Kubokunu başı üzərinə qaldırdı.
Beləcə, “Difai”nin Qax təmsilçisi gümüş medalını əldə etdi. Bürünc mükafatçılar isə İsmayıllı və Tovuz komandaları oldu.
Finaldan sonra onlara medal və diplomlar təqdim edildi. Eləcə də, Quba komandasının rəhbəri, Vətən Müharibəsi qazisi Zöhrab Danyalova klubun şərfi və qiymətli hədiyyələr verildi.
Tədbirdə qeyd olundu ki, Vətən Müharibəsi qaziləri Şahin Səfərov Zaqatala rayonunda, Turqay Məmmədov isə Tovuz rayonunda yeni yaradılmış komandalara yüksək səviyyədə rəhbərlik edir, müharibə iştirakçıları və qaziləri, gəncləri öz ətraflarında birləşdirirlər.
Paylaş