Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Zaur Babayevin cinayət işi üzrə məhkəmə ifadəsi məlum olub.
Korrupsiya.az-ın əldə etdiyi məlumata görə, hakimi Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə o, özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilib.
O dindirilərkən deyib ki, ev tikintisi ilə məşğul olub, rəsmi iş yeri yoxdur, əvvəllər SOCAR-da sürücü işləyib. Uşaqlıq illərinin normal keçdiyini, 3 bacı və 3 qardaş olduqlarını söyləyib. Bir bacısı xəstəxanada həkim müavini işləyir. Zaur Babayev qeyd edib ki, bir dəfə ailəli olub, anlaşa bilmədiyi üçün arvadından boşanıb. Əvvəllər 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Həbsdə olduğu müddətdə ilk arvadı ailə qurub. Əvvəlki nikahından iki övladı dünyaya gəlsə də, onlarla əlaqəsi yoxdur, çünki əvvəlki həyat yoldaşı uşaqların onu tanımasını istəməyib. İş üzrə zərərçəkmiş qismində tanınan Əfsanə Şadatova marketdə satıcı işləyəndə tanış olub, onu sevərək evlənib. Təqsirləndirilən şəxsin sözlərinə görə, Əfsanənin uşaqlarını qəbul edib, onunla 1 il münasibəti yaxşı olub. Həmin dövrdə ona əl qaldırmayıb. 30 oktyabr 2021-ci ildə qadının dünyaya gələn övladının şəxsiyyət vəsiqəsində əvvəlki həyat yoldaşının soyadının yazıldığına görə aralarında söz-söhbət yaranıb. O, Əfsanəni döyüb, qadın isə sosial yardım ala bilmək üçün həmin uşağa əvvəlki həyat yoldaşının soyadını verdiyini bildirib. Əfsanəni döydüyünə görə inzibati qaydada həbs olunub. Zaur Babayev ifadəsinin davamında vurğulayıb ki, 26 dekabr 2022-ci il tarixində evə gələrək Əfsanənin telefonunda əxlaqsız videolar görüb: “Əfsanəni gecə evdən qovarkən mənə gedəsi yerinin olmadığını bildirərək, ona 1 ay möhlət verməyimi istədi. Mən isə ona vaxt verəcəyimi, lakin birgə faktiki nikahdan doğulmuş uşaqların özümlə qalacağını söylədim. 23 yanvar 2023-cü il tarixində Əfsanəyə 100 manat pul verdim və işə getdim. Axşam işdən gələrkən Əfsanənin uşaqlarını da götürüb getdiyini gördüm. Daha sonra qonşudan Əfsanənin nömrəsini əldə edərək onunla əlaqə saxlamaqla yalnız birgə faktiki nikahdan doğulan uşağımızın mənə verilməsini tələb etdim. Həmin gün ancaq uşaqlarımı axtardım. Əfsanəni tapdım, lakin o, uşaqları ilə görüşdürmədi. Qadından ancaq uşaqlarımı istədim. Hadisə günü bıçağı qorxutmaq məqsədilə Əfsanəyə uzatdım. O isə bıçağı tutduğuna görə əli sıyrıldı. Muraddan uşaqların yerini öyrəndikdən sonra Əfsanənin əlini “skoç” və iplə bağladım, ayağa qalxa bilməməsi üçün dizindən bıçaqla vurdum. Uşaqlarımı götürməyə gedərkən yaşadığımız evdən bir nəfər kişinin çıxdığını gördüm. O, mərhum Səmanı (adı şərti) maşına otuzdurduqdan sonra ona həmin şəxsin kim olması barədə suallar verdim. Səma həmin şəxsin Rail (şərti) olması, ümumiyyətlə bütün hadisələrin səbəbinin anası olduğunu bildirdi. Mən də bu söhbətləri vaxtında mənə danışmaması üçün Səmaya şillə vurdum. Daha sonra onu ehtiyatsızlıqda qətlə yetirdim. Səmanı öldürdükdən sonra geri qayıdarkən atama zəng edərək ölməsin deyə Əfsanənin qolunu açmasını bildirdim. Səmanı ehtiyatsızlıqdan avtomobildə öldürdüm. Belə ki, onu qorxutmaq üçün bıçağı sinəsinə dirəyərkən təsadüfən bıçaq ona dəydi. Özümü itirdiyimə görə Səmaya dəyən xəsarətləri xatırlamıram. Sonra könüllü şəkildə əməliyyatçı Sabir (şərti) müəllimə yaxınlaşaraq etdiyim əməl barədə məlumat verdim”.
Qeyd: Hadisə bu ilin fevralında Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. Belə ki, 1981-ci il təvəllüdlü Zaur Babayev qeyri-rəsmi münasibətdə olduğu, 1980-ci il təvəllüdlü Əfsanə Şadatova və onun qızı, 2009-cu il təvəllüdlü Səma Şadatovaya bıçaq xəsarəti yetirib. 14 yaşlı yeniyetmə S.Şadatova ölüb. Zaur Babayevə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.6 (başqa cinayəti gizlətmək məqsədilə qəsdən adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 149.2.4, 149.2.5-ci (zorlama, zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla törədildikdə), 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri, on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri üzrə ittiham irəli sürülüb. Məhkəmənin hökmü ilə o, ömürlük azadlıqdan məhrum edilib.