Ali Məhkəmədə külli miqdarda narkotik vasitə əldə etmə və satmaqda ittiham olunan Fərid Rəhimov, Xətai Əlizadə və Tərlan Əhədovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Korrupsiya.az-ın əldə etdiyi məlumata görə, şikayət hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərid Rəhimov 13 il, Xətai Əlizadə 13 il, Tərlan Əhədov isə 14 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd: Adı çəkilən şəxslər Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar. Onlar İrandan Azərbaycana gətirilən narkotik vasitələrin satışını onlayn şəkildə həyata keçirirmişlər. Saxlanılan şəxslərdən ümumilikdə 10 kiloqrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb. Tərlan Əhədovun üzərindən isə 1 ədəd “Falcon sport” markalı tapança və ona aid 7 ədəd patron da götürülüb. Tərlan Əhədov narkotiki Əli adlı İran vətəndaşından aldığını bildirib.