Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Qusarda arvadını bıçaqlayaraq öldürməkdə təqsirli bilinən Farik Mollayevin cinayət işi üzrə məhkəmə ifadəsi məlum olub.

Korrupsiya.az-ın əldə etdiyi məlumata görə, hakim Aynur Rzayevanın sədrliyi ilə keçirilən prosesdə o, elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

Təqsirləndirilən şəxs qeyd edib ki, arvadı, zərərçəkmiş Oksana Mollayeva hadisədən bir müddət qabaq qonşu qadınlarla birlikdə işə getmək istəyib və razılaşıb: “O, işə getdikdən təxminən bir ay sonra gördüm ki, gizlində telefonla danışır. Kiminlə danışdığını soruşduqda o, bacısı olduğunu söylədi. Bacısı ilə nə səbəbə gizlində danışdığını, onun yanında danışmadığını soruşduqda isə arvadı öz aralarında söhbət olduğunu bildirib. Təxminən 3-4 dəfə aramızda da bu mövzuda dialoqlar oldu. Sonra mənə iş təklifi gəldi, Oksanaya dedim ki, sən daha işə getmə, özüm işləyəcəm. Razılaşmadı, işdən qalmayacağını söylədi. Sonra bir dəfə gecə saat on ikinin yarısı arvadım mənə bildirdi ki, eyvanda yatacaq, mən də uşaqlarla otaqda yatım. Birdən qapı səsi eşitdim. Düşündüm ki, yəqin o, çölə çıxıb. Təxminən yarım saat keçdikdən sonra arvadımın qayıtmadığını görüb eyvana baxdım. Onu orada görmədim. Anasına zəng edib Oksananın onlarda olduğunu soruşdum, gəlmədiyini bildirdi. Sonra gecə dördün yarısı qaynanam zəng eləyib həyat yoldaşımın onlarda olduğunu bildirdi. Oksananın evdən anasıgilə piyada şəkildə getdiyinə inanmadım. Çünki bizim evdən onlara on dörd kilometr uzunluğunda yol var. Bundan sonra qaynanamgilə getdim, onu götürüb evə gəldim. Onun yenidən işə getməsinə razılıq verdim. Sonra dostumla bizim evdə oturub bir az alkoqollu içki qəbul etdik. Arvadım yeməyi gətirib stolun üzərinə qoydu. Həmin vaxt onun yenə kimləsə telefonda danışdığını düşündüm. Oksana bayıra çıxdıqdan təxminən iyirmi dəqiqə sonra çölə çıxdım. Uşaqlar oyun oynayırdı. Onlara analarının harada olduğunu soruşduqda isə qadının evin arxa tərəfinə getdiyi söylədilər. Həyat yoldaşımın yanına getdim. Yenə gizlin şəkildə telefonla danışırdı. Dərhal telefonu əlindən aldım, bu zaman kiməsə “oldu can” sözünü dediyini eşitdim. O, telefonun məndə qalmasına icazə vermədi. Həmin vaxt anladım ki, arvadım telefonda pis şeylərlə məşğuldur. Evə qayıtdıq, qonağa evinə getməsini, bizdə vacib problem olduğunu bildirim. Qonaq getdikdən sonra Oksananı ayrı otağa çağırdım. Ondan telefonda danışdığı şəxslə aralarında intim əlaqə olub-olmadığını soruşdum. O, əvvəl bunu inkar etdi. Ona düzünü deməsini söyləyərək təkid etdim. Sonra telefonda danışdığı şəxslə intim əlaqəsinin olmasını boynuna aldı, özümü çox pis hiss etdim. Bayıra çıxıb bir qədər gəzdim. Qayıdan zaman qarpız kəsmək üçün istifadə etdiyim bıçağı gördüm. Otağa girəndə gördüm ki, Oksana qızımla birlikdə, oğlum isə ayrı yatıb. Bıçaqla arvadımın yanına getdim. Həmin vaxt onu yatan yerdə boynundan vurmaq istədim. Sonra uşaqların yanında belə hərəkət etməməyi düşündüm. Bundan sonra digər otağa gedərək bıçağı yastıqların altına qoydum. Arvadımı da ora çağırdım. Ona bu söhbəti burada bitirməklərini dedim. Yenə də intim söhbətini soruşdum. Bu zaman Oksana mənə bu söhbəti bağlamağımı dedi. Həmin vaxt özümü əskilmiş kimi hiss etdim, otağın qapısını bağladım, bıçağı götürmək üçün yastığın yanına yaxınlaşdım. Ora bir metr qalmış sanki arvadım nəsə hiss elədi, əlləri ilə üzünü qorudu. Bıçağı götürəndə Oksana qışqırmağa başladı. Qışqıran zaman mənə qarşı nalayiq təhqiredici ifadə işlətdi. O, “it oğlu, məni öldürmək istəyirsən?” dedi. Bu söz mənə pis təsir etdi və onu bir dəfə bıçaqla vurdum. Yenə məni söydü. Nə qədər bıçaq zərbəsi endirdiyimi bilmədim. Zərbələrdən sonra Oksana yerə uzandı, bıçağı yerə atdım. Hadisədən sonra qardaşıma zəng etdim”.

Qeyd: Hadisə Qusarın Piral kəndində baş verib. Kənd sakini, 44 yaşlı Farik Pakiddin oğlu Mollayev həyat yoldaşı 34 yaşlı Oksana Minbər qızı Mollayevanı bıçaqlayaraq qətlə yetirib. Məlumata görə, 17 bıçaq zərbəsi alan qadın elə hadisə yerində keçinib. Cinayəti törətməkdə şübhəli bilinən Farik Mollayev polis əməkdaşları tərəfindən saxlanılıb. Məhkəmənin hökmü ilə o, 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

Paylaş